Ermənistan üçtərəfli razılaşmanı pozur - Erməni silahlılarının Qarabağdan çıxarılması tələb olunmalıdır
Tarix: 08-04-2021 09:50 | Bölmə: Slayd
Ermənistan üçtərəfli razılaşmanı pozur - Erməni silahlılarının Qarabağdan çıxarılması tələb olunmalıdır

“10 noyabr razılaşmasının 4-cü bəndinə əsasən Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisindən çıxmalıdır. Razılaşmaya görə, rus sülhməramlıları əraziyə yerləşdirilir, Qarabağda olan mülki ermənilərin təhlükəsizliyi üçün müəyyən təminat yaranır və sonra Ermənistan ordusu oradan çıxır, ərazi silahsızlaşdırılır. Razılaşmada 4-cü maddənin mahiyyəti bundan ibarətdir. Ancaq razılaşmanın əldə edilməsindən 5 aya qədər vaxt keçməsinə baxmayaraq Ermənistan ordusu əraziləri tərk etməyib”.

Bunu Reyting.az-a uzun illər Qarabağ probleminin həlli üzrə işləmiş Əvəz Həsənov deyib.

Mütəxəssis xatırladıb ki, erməni tərəfi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr sazişindəki 4-cü maddəni pozmadığını iddia etməklə yanaşı məsələni belə təqdim edir ki, guya Qarabağda yerli ermənilərin “özünümüdafiə qüvvələri” var və ərazidəki ordu da ona daxildir: “Əlbəttə, burada başqa bir məqam da var. İş ondadır ki, həmin ərazilərdə yaşayan ermənilərin mütləq əksəriyyəti hətta müharibədən əvvəl də bu qanunsuz silahlı dəstələr vasitəsilə maliyyələşdirilib. Yəni 50 yaşına qədər insanlar, müharibə zamanı isə 60 yaşına qədər şəxslər bu və ya digər şəkildə “ordudan” maaş alıblar. Hətta müharibə zamanı onların ərazini tərk etməsinə qadağa tətbiq edilmişdi. İndi ermənilər üçün qurduqları bu strukturun birdən-birə ləğv edilməsi o qədər də asan iş deyil. Amma bu, onların problemidir”.


Ə. Həsənov

Əvəz Həsənov bildirib ki, rus sülhməramlıları Qarabağda yaşayan mülki ermənilərin təhlükəsizliyini təmin etdikdən sonra, oradakı qanunsuz silahlı dəstələr sıradan çıxarılmalıdır:

“Yeri gəlmişkən, “sülhməramlıların mülki ermənilərin təhlükəsizliyini təmin etməsi anlayışı” da əslində qüsurludur. Çünki bizim ora nə hücum etmək marağımız var, nə də belə bir planımız. Ərazi silahsızlaşdırılmalı, mülki ermənilər normal vətəndaş həyatına qayıtmalıdır. Bu, məsələnin ana xəttində dayanan əsas problemdir”.

Ə. Həsənov düşünür ki, Azərbaycan tərəfi tədricən ərazidəki qanunsuz silahlı dəstələrin silahsızlaşdırılmasını və Ermənistan ordusunun öz ərazisindən çıxarılmasını tələb edəcək: “Ermənilərin Azərbaycanda hərbi hissə saxlamağa ehtiyacı yoxdur. Ən azı bu prosesi sülhməramlılar təmin edir. Odur ki, ağır silahlar və hərbçilər ərazidən çıxarılmalıdır. Əlbəttə, ruslar bunda maraqlı deyillər. Biz təklif verib, tələb etməsək, ruslar bu işlə məşğul olmayacaqlar. Biz bu mərhələdə sülhməramlıları inandırmalıyıq ki, hər hansı bir təhlükə yoxdur. Eyni zamanda da tələb etməliyik. Hesab edirəm ki, bu istiqamətdə maksimum fəal olmalıyıq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}