Qarabağda ruslaşdırma siyasəti ciddi təhlükədir - Professor
Tarix: 08-04-2021 11:01 | Bölmə: Slayd
Qarabağda ruslaşdırma siyasəti ciddi təhlükədir

“Azərbaycana “İsgəndər M” raketlərinin atıldığı dəqiqdir. Bunu sübut edən müxtəlif faktlar var. Eyni zamanda erməni tərəfinin yaydığı videogörüntülər də bunu təsdiqləyir.

Müharibə zamanı Rusiya İran üzərindən Ermənistana silah-sursat keçirirdi. Mən təxmin edirəm ki, danışıqlar zamanı münaqişə ərazisinə məhdud sayda kontingentin gələcəyi nəzərdə tutulurdu. Konkret desək, maksimum 1960 personal. Amma indi görürük ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələrini də ora yığmaqla bu sayı ciddi şəkildə şişirdirlər. Hazırda orada 5-6 minə qədər hərbiləşdirilmiş kontingent ola bilər. Görünən odur ki, Rusiya oradan çıxmaq niyyətində deyil”.

Bu sözləri Reyting.az-a politoloq Fərhad Mehdiyev Şuşaya atılan “İsgəndər M” raketi və Qarabağdakı rus sülhməramlılarından danışarkən deyib.

Professor əlavə edib ki, 3 gün əvvəl rus sülhməramlıları Qarabağda II Dünya müharibəsində guya həlak olan bir erməninin məzarına gediblər: “Və orada rus hərbçi danışarkən “eyni tarix və eyni ailə” ifadəsini işlədir. Bununla mesaj göndərir. Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi görməsə də, orada ruslaşdırma siyasətini həyata keçirməyə çalışır. Hansı ki belə siyasəti əvvəlki dövrdə Osetiya, Abxaziya və Dnestryani bölgədə də həyata keçirib. Bəli, bu ciddi təhlükədir. Ehtimal edirəm ki, bu, rusların öncədən düşünülmüş ssenarisinin növbəti mərhələsidir. Yəni onlarda ssenari olub ki, sülhməramlı adı altında regiona girsinlər. İndi də burada möhkəmlənməyə çalışırlar. Rusiya görsəndiyi qədər tərəfsiz deyil, Qafqazda bərkimək prosesini davam etdirir”.


F. Mehdiyev

F. Mehdiyevin qənaətincə, Rusiya Azərbaycanı sülhə məcbur etmək üçün “İsgəndər” raketlərindən istifadə edib: “Yəni bu addımla Azərbaycan sülh mesajını ciddiyyə alsın. Ola bilsin ki, bizim hökumətimiz bunu açıq deməz, amma biz hökumət nümayəndəsi olmadığımızdan rahat danışa bilərik. Mən açıq deyirəm ki, Azərbaycanın imkanı olsaydı irəliləyəcəkdi, Xankəndi əməliyyatı da başlamışdı. Rusiya bunun baş verməməsi üçün hər şey etdi”.

Professorun fikrincə, Azərbaycan təhlükələrin qarşısını almaq üçün hər zaman addımlar ata bilər: “Məsələn, 10 noyabr sazişi əslində sülh müqaviləsi deyil, hökumətlərarası anlaşmadır və heç parlamentin ratifikasiyasından keçməsinə də ehtiyac yoxdur. Elə bu razılaşmanın özünə son qoymaq, azı ondan çıxmaq mümkündür. Yəni Azərbaycanın əlində təzyiq imkanları çoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}