ABŞ-ın Rusiyaya təklif etdiyi model müharibə təhlükəsini azaldır - Professor
Tarix: 14-04-2021 14:00 | Bölmə: Slayd
ABŞ-ın Rusiyaya təklif etdiyi model müharibə təhlükəsini azaldır

“Rusiya prezidenti Putin və ABŞ prezidenti Bayden arasında dünən axşam baş tutan telefon danışığı müsbət haldır. Bu göstərir ki, hər iki şəxs müharibədənsə dialoqun daha effektiv və uğurlu olduğunu anlayır. Açığı, Putin də anlayır ki, müharibəyə doğru getmək ona xeyir gətirməyəcək. Bayden də həmçinin. Ona görə də sülh variantını seçirlər”.

Bu sözləri Reyting.az-a professor Rüstəm Məmmədov ABŞ və Rusiya liderləri arasındakı telefon danışığı və Ukrayna böhranının həlli imkanlarını şərh edərkən deyib.

Rüstəm Məmmədov ehtimal edir ki, belə yüksək diplomatik təmaslar Ukraynada müharibə təhlükəsini minimuma endirir. Bu, Ukraynanın da maraqlarına tam uyğundur.


R. Məmmədov

R. Məmmədov əlavə edib ki, telefon diplomatiyası eyni zamanda Moskva-Vaşinqton münasibətlərinə də aydınlıq gətirir: “Bayden təklif edib ki, iki ölkə arasında mövcud problemlərlə bağlı üçüncü bir ölkədə əhatəli müzakirələr aparılsın. Ümumən bu iki dövlət arasında hər zaman gərgin münasibətlər olub. Buna təbii yanaşmaq lazımdır, çünki bu idarəçiliyin bir formasıdır”.

Professorun qənaətincə, əgər Rusiya Ukrayna məsələsində Vaşinqtonun təklif etdiyi modeli qəbul edərsə, münasibətlər qaydaya düşər: “Mən ehtimal edirəm ki, Moskva bunu qəbul edəcək. Başqa variant yoxdur.

İkinci məqam odur ki, Kiyevin özü də Moskva ilə danışıqlara hazırdır. Bu da anlaşılandır. Kiyevdə başa düşürlər ki, müharibə başlasa, Ukrayna məğlub olacaq. Odur ki, Rusiya ilə dil tapmağa çalışır. Məncə, bu, düzgün siyasi gedişdir.

Digər tərəfdən, reallıq odur ki, həm Rusiya, həm də Ukrayna müharibəyə hazır deyil. Bunlar, sadəcə, bir-birindən qorxmadıqlarını nümayiş etdirmək üçün ordunu sərhədlərə toplayırlar. Bu, həm də sonrakı mərhələdə danışıqlarda üstünlük qazanmaq məqsədi daşıyır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}