“Rusiya davranışı ilə Azərbaycanı özündən uzaqlaşdırır” - Professor
Tarix: 05-05-2021 15:16 | Bölmə: Slayd
“Rusiya davranışı ilə Azərbaycanı özündən uzaqlaşdırır”

“Sergey Lavrovun bölgəyə səfəri zamanı müzakirələrin ana xəttini Qarabağ məsələsi təşkil edəcək. Əlbəttə, görüşlərdə bölgədəki vəziyyət, Ermənistandakı seçkilər, mümkün təmaslar, kommunikasiya xətlərinin açılması və digər məsələlər də diqqətdə olacaq. Aydındır ki, Ermənistan seçkilərə hazırlaşır və Rusiya da öz mövqeyini itirmək istəmir. ABŞ prezidenti Baydenin 1915-ci il hadisələrini “soyqrım” kimi qiymətləndirməsi onun təsirini artırıb. Rusiya da buna qarşılıq olaraq yeni alternativ axtarmalıdır”.

Bu sözləri Reyting.az-a Rusiya Xarici işlər naziri Sergey Lavrovun İrəvan və Bakıya gözlənilən səfərlərini şərh edən politoloq Toğrul İsmayıl deyib.


T. İsmayıl

Professor hesab edir ki, Lavrovun İrəvan səfərindən sonra Bakıya gəlməsi təsadüfi deyil: “İrəvanda etdiyi müzakirələrdən sonra Bakıya gəlib tərəflərin mövqeyini ümumiləşdirməyə çalışacaq. Məncə, Lavrov Bakıya təzyiqlər etmək niyyətində ola bilər. Amma indi Rusiyanın bölgədə məsələləri təkbaşına həll etməsi imkansızdır. Çünki Ermənistanı Avropa ölkələrinə qaçırır, Azərbaycanı da özündən bir növ uzaqlaşdırır. Xüsusilə, sülhməramlıların bölgədəki davranışı, Rusiyadakı siyasilərin ermənipərəst açıqlamaları... Bu da Bakıda birmənalı qarşılanmır. Odur ki, Rusiyanın bu siyasəti yanlışdır. Hərbi güc amilinə əsaslanaraq bölgə dövlətlərini özünə çəkmək siyasəti səhvdir. Bu yolla Ermənistanı da özünə çəkə bilməz. Bəlli müddətdə nəzarətində saxlaya bilər, amma inkişaf olmadıqca qüsurlar ortaya çıxacaq”.

T. İsmayıl xatırladıb ki, Azərbaycan-Rusiya əlaqələrində iqtisadiyyat, ticarət, mədəni münasibətlər Ermənistan-Rusiya münasibətlərindən qat-qat üstündür: “Amma biz görürük ki, Rusiya siyasətində açıq ermənipərəst siyasət var. Bu o deməkdir ki, Rusiya iqtisadi, ticari, mədəni əlaqələrə baxmır, “dədə-baba” qaydası ilə hərbi güc amilinə söykənir. Məsələn, ABŞ hər yerdə hərbi baza açmır. Daha çox “yumşaq güc” amilindən istifadə edir. Bəli, bu gün Rusiyanın iqtisadi gücü yetərli deyil, odur ki, hərbi güc faktoruna daha çox bel bağlayır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}