Pandemiya ailədaxili münaqişələri artırıb
Tarix: 08-05-2021 09:39 | Bölmə: Slayd
Pandemiya ailədaxili münaqişələri artırıb

Koronavirus infeksiyası kütləvi yoluxma, ölüm halları ilə yanaşı müxtəlif ölkələrdə ailə münaqişələrinin, boşanmaların və ailədaxili zorakılıqların artmasına səbəb olub. Bir çox xarici ekspertlər bildirirlər ki, pandemiya səbəbindən kütləvi qapanmalar ailə münaqişələri ilə əlaqəli intiharları da artırıb.

Görəsən, Azərbaycanda bu sahədə vəziyyət necədir? Qadın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlara zorakılıqlarla bağlı şikayətlərin statistikasında artım varmı?


N. Cəfəroğlu

Reyting.az-ın suallarını cavablandıran hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib ki, boşanma ərizələri olsa da, zorakılıq halları ilə bağlı müraciətlər almayıblar:

“Pandemiya ilə bağlı praktiki olaraq işə çıxmamışıq və bizə qadınların müraciəti daxil olmayıb. Belə halların azalıb, artdığını deyə bilmərəm. Amma zorakılıq halları çoxala bilər. Çünki hər hansı bir ailənin bütün üzvü səhərdən axşama kimi evdə olduqda, hər gün eyni adamı gördükdə, bu, bir-birinə qarşı münasibəti dəyişir. Bu, psixoloqların dediyi sözlərdir.

Pandemiya hamıda əsəbləri gərginləşdirib, hamı həssas olub, hər şeyə reaksiya verir”.

N. Cəfəroğlu qeyd edib ki, pandemiya dövründə qadınlar zorakılıqla bağlı onlara müraciət etməyib:

“Bizdə müharibə pandemiyanı bir az arxa plana keçirdi. Biz müharibə sindromu udduq, bu, millətdə ayrı ab-hava yaratdı. Hesab edirəm ki, müharibənin qələbəsi pandemiyanın təsirini o qədər də göstərmədi. Təbii ki, pandemiyanın təsiri çox olub, amma məncə, ailə zəminində o qədər də təsir göstərməyib”.


M. Zeynalova

Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə Reyting.az-ın əməkdaşına bildirib ki, pandemiya dövründə qadınların müraciətləri arasında zorakılıq halları və sosial problemlər var.

Onun sözlərinə görə, pandemiyadan zərərçəkən daha çox sosial baxımdan həssas qadınlardır:

“Boşanmış, kirayədə qalan, iş yerini itirənlər, uşaqlarını hansısa xidmətə istiqamətləndirə bilməyənlər daha çox müraciət edib. Zorakılıq halları da var. Pandemiyadan daha çox qadınlar zərər çəkib, onlar aliment ala bilmirlər, çünki kişilər də işləmirdi və ya işləyənlər az əməkhaqqı alırdı. Bəzi qadınlar işə çıxa bilmirdi deyə kirayə pulunu ödəyə bilmirdi. Bu kimi hallarla yanaşı zorakılıq faktları da var”.

M. Zeynalova əlavə edib ki, boşanmalar da artıb:

“Boşanma halları hələ ki, yüksək səviyyədə gedir. Aralarında barışanlar da var. Amma eləsi var ki, qətiyyətlə boşanacağını deyir”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Məişət Zorakılığı üzrə Məlumat Bankına yığılan məlumatların təhlilinə əsasən, qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu, 68,4 faizdir. Qadınların 12,1 faizi keçmiş həyat yoldaşları, 11,9 faizi isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}