Cenevrə görüşü: Putin və Bayden dünyanı bölə bilməzlər, çünki...
Tarix: 05-06-2021 14:18 | Bölmə: Slayd
Cenevrə görüşü: Putin və Bayden dünyanı bölə bilməzlər, çünki...

“Cenevrə görüşündə Bayden və Putin bir-birinin mövqeyi ilə tanış olacaq və kobud şəkildə desək, bir-birinə “xox” gələcəklər. Amerikalılar deyir ki, Bayden-Putin görüşü ABŞ-ın Rusiyaya qarşı sanksiyaları zəiflədəcəyi, münasibətlərin düzələcəyi demək deyil. Əksinə, beynəlxalq ictimaiyyət Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini istəyir”.

Bunu siyasi analitik Elçin Şıxlı iyunun 16-da Cenevrədə planlaşdırılan Rusiya və ABŞ prezidentləri - V. Putinlə C. Bayden arasında baş tutacaq müzakirələri Reyting.az-a şərh edərkən deyib.

Elçin Şıxlı hesab edir ki, bir çox ekspertlərin iddiasının əksinə olaraq Cenevrədə Putin və Bayden dünyanı təsir dairəsinə bölə bilməzlər. O, buna səbəb kimi Çini göstərir: “Çini heç cür kənara qoya bilməzlər. Çin nəhəngdir və iqtisadi baxımdan Rusiyanı “udar”. Eləcədə ABŞ-ı iqtisadi cəhətdən təşvişə sala bilər. Perspektivdə yəqin ki, Çin dünyada iqtisadi baxımdan əsas qüvvəyə çevrilə biləcək. Odur ki, Moskva və Vaşinqton birlikdə dünyanı bölə bilməzlər. Rusiya heç bölə bilməz. Rusiya ancaq postsovet ölkələrinə hədə-qorxu gələ bilər. Bundan artığını etməsi mümkünsüzdür”.

Siyasi analitik hesab edir ki, Cenevrədə bir araya gələcək Putin və Bayden qlobal problemləri müzakirəyə çıxaracaqlar: “Ola bilsin ki, hər tərəf öz tələbini irəli sürəcək. Və müzakirə edəcəklər ki, hansı tələbi kim özü üçün məqbul hesab edə bilər. Məsələn, biri deyir, siz bir az sağa durun, o da cavab verir ki, yox, sağa dura bilmərəm, sola durmaq imkanım var. O birisi də deyir ki, bu halda bizim danışığımızın mənası olmayacaq. Hesab edirəm ki, Cenevrədə danışıqlar təxminən bu istiqamətdə gedəcək. Yəni onlar görüşüb, son dəfə bir-birlərinə deyəcəklər ki, mənim marağım budur, ortaq rəyə gələk. Əgər tərəflər konsensus əldə edə bilməsələr, onda hərə öz tərəfinə çəkiləcək və qarşıdurma davam edəcək”.

E. Şıxlının fikrincə, ABŞ və Rusiya arasında dartışma istənilən halda davam edəcək: “Putin taktik kimi güclüdür. Qısa zaman üçün öz xeyrinə hansısa addım ata bilər. Amma perspektivə gəldikdə iqtisadi cəhətdən Rusiya özünü islah etməsə heç bir perspektivi olmayacaq”.

Qeyd edək ki, bəzi siyasi ekspertlərin iddiasına görə, iyunun 16-da Putin-Bayden görüşündə dünyanın bölüşdürülməsi məsələsi müzakirəyə çıxarılacaq. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski də daxil olmaqla bir çoxları dünyanın təsir zonalarına bölünəcəyini iddia edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər