Rusiyada şovinizm güclənir - 19 yaşlı azərbaycanlının qətlində şübhəli məqamlar var
Tarix: 05-06-2021 17:27 | Bölmə: Slayd
Rusiyada şovinizm güclənir - 19 yaşlı azərbaycanlının qətlində şübhəli məqamlar var

Novosibirsk vilayətinin Moşkovo qəsəbəsində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyərək öldürən polis əməkdaşı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığı ilə azadlığa buraxılıb.

Reyting.az
xəbər verir ki, Vəkil Abdullayev mayın 28-də axşam saatlarında başından güllə ilə vurulub. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb və mayın 30-da dünyasını dəyişib.

Cinayəti bilərəkdən törətdiyi iddia olunan yol polisi müfəttişi Aleksandr Qusevin azadlığa buraxılması birmənalı qarşılanmır. Bəziləri iddia edir ki, A. Qusev V. Abdullayevi azərbaycanlı olduğuna görə qətlə yetirib. Bu qətli Rusiyada digər xalqların nümayəndələrinə qarşı ayrı-seçkilik, fobiya motivlərinin mövcudluğu və ifrat millətçiliklə əlaqələndirənlər də az deyil. İttiham olunan şəxsin azadlığa buraxılmasını isə Rusiyanın hüquq sistemindəki ciddi problemlərlə əsaslandırırlar.

Abdullayevin qətl işi düzgün araşdırılmır



A. Mustafayev

Tanınmış vəkil Asabəli Mustafayev Reyting.az-a deyib ki, Vəkil Abdullayevlə bağlı məsələ Azərbaycan mətbuatında yazıldığı kimidirsə, bu, ehtiyatsızlıqdan deyil, qəsdən adamöldürməyə oxşayır: “Səhv etmirəmsə, hazırda bunu ehtiyatsılıqdan adamöldürmə kimi töfsiv ediblər.

Yazılanlara inansaq, həmin polis əməkdaşını məhkəməyə qədər azadlığa buraxıblar. Bu fakta şərh vermək bir qədər mürəkkəbdir. Çünki Avropa Konvensiyasına görə, hər kəsin məhkəməyə qədər azadlıqda qalmaq hüququ var. Rusiya hüququ buna istinad edə bilər. Hərçənd, biz burada ağır maddədən danışırıq. Bizim ölkədə belə hallarda həbs-qətimkan tədbiri seçilir. Xüsusilə, əgər bunu vəzifəli şəxs törədirsə”.

Polisin azadlığa buraxılması şübhəlidir


Asabəli Mustafayev güman edir ki, Vəkil Abdullayevlə bağlı işdə ədalətsizlik var:

“Mən prosesin içində deyiləm, onun vəkili də açıqlama yaymayıb. Əgər məsələlər bizim mətbuatımızda qeyd edildiyi kimidirsə, hesab edirəm, ədalətsiz araşdırma aparılır.

Burada baş verən cinayət qəsdən adamöldürməyə oxşayır. Ancaq bunun ehtiyatsızlıqdan adamöldürmə kimi təqdim edilməsi, cinayəti törədən polis əməkdaşının azadlığa buraxılması bir qədər şübhəlidir. Çünki həmin polis əməkdaşının istintaqa təsir etmək imkanları var. Eləcədə şahidlərə təsir göstərmək imkanları ola bilər. Odur ki, belə hallarda şəxs barəsində həbs-qətimkan tədbiri seçilir. Səbəb də odur ki, istintaq prosesinin şəffaflığı təmin olunsun. Görünür, Rusiya hüquq-mühafizə orqanları məsələyə fərqli yanaşır ki, həmin polisi yüngül cəza ilə azadlığa buraxsınlar”.

Rusiya hakimiyyəti şovinizmi qızışdırır



Cinayət anı

A.Mustafayevin fikrincə, vəzifəli şəxsin belə kəskin hərəkət etməsi düşündürücüdür:

“Oxuduğum materiallara əsasən deyə bilərəm ki, orada silah tətbiqinə ehtiyac olmayıb. Ancaq bura Rusiyadır. Görünür, orada şovinizm hissləri daha güclüdür. Biz daima eşidirik ki, Rusiyada şovinizm, millətçi meyllər güclənib. Hakimiyyət də bunun qarşısını almağa cəhd göstərmir. Əksinə, bunu bir qədər də qızışdırır. Məsələn, digər ölkələrdə rus hökumətinin əməlləri sanki belə meylləri stimullaşdırır. Nümunə kimi Rusiyanın Suriya, Ukrayna və Gürcüstana münasibətini, torpaqları zəbt etməsini və bunu ideoloji səviyyəyə qaldırmasını göstərmək olar. Əlbəttə, bu, millətçiliyi və şovizinzmi gücləndirir. Son nəticədə dövlət orqanlarında digər millətlərə qarşı kin-küdurət, qəbuledilməzlik, yuxarıdan-aşağı baxmaq meydana çıxır.

Bizə bəllidir ki, əvvəllər də Rusiyada qafqazlılara pis baxırdılar. Hətta öz aralarında söhbətlər zamanı qafqazlılar haqqında təhqiramiz ifadələr işlədirdilər. Odur ki, belə əməllərin və nəticələrin olacağı gözlənilən idi. Əvvəlcə, insanlar arasında narahatlıq yaradan hallar müşahidə edildi, qafqazlılara, azərbaycanlılara hücumlar oldu, ticarət obyektlərini dağıtmağa cəhd göstərdilər, indi də sanki kin-küdurət dövlət orqanlarına keçib. Bunun da nəticəsinin yaxşı olmayacağını görürəm”.

Rusiyada digər xalqlara qarşı ayrı-seçkilik var



V. Abdullayev

Qeyd edək ki, “Russia Today” telekanalının əməkdaşı, RF-nin İctimai Palatasının üzvü, Vahid Rusiya partiyasından dövlət Dumasına namizədliyini irəli sürmüş Mariya Butina və digərləri qatil polisə açıq dəstək nümayiş etdirirlər. A. Mustafayev isə bunu Rusiya hakimiyyətinin siyasəti sayır: “Hakimiyyət bunu açıq milli şovinist siyasət üzərində aparmır. Amma hamı anlayır ki, digər xalqlara qarşı ayrı-seçkilik var. Bu, rus hakimiyyətini möhkəmlətmək üçün vasitədir. Məsələ ondadır ki, Mariya Butina kimi siyasətçilər insanlardakı şovinist hissələri görür və siyasi karyeralarını bunun üzərindən qurmağa çalışırlar. Yəni insanların hissələri ilə oynayırlar. Çünki sonunda onlar həm də seçicidir. Məncə, bu proses getdikcə güclənəcək. Əvvəl bunu xırda partiya və təşkilatlar deyirdisə, indi deputatlığa namizədlər bu haqda danışacaq. Təsəvvür edin ki, belə adamlar deputat seçilə bilər. Gələcəkdə, bu, sözsüz ki, siyasətin ciddi amilinə çevriləcək. Təbii ki, bu cür düşüncədə olan insanların parlamentdə oturması təhlükəlidir”.

Azərbaycan mətbuatı bu barədə çox yazmalıdır

Onu da qeyd edək ki, qətlə yetirilən V. Abdullayev Gürcüstan vətəndaşıdır. Hələlik rəsmi Tbilisi öz vətəndaşına sahib çıxmır. Görəsən, Gürcüstan bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcəkmi?

Bu suala cavabında A. Mustafayev deyib ki, normalda hər bir ölkə öz vətəndaşının hüquqlarını qorumalıdır: “Gürcüstanın buna cəhd edib-etməməsindən məlumatlı deyiləm. Ola bilsin ki, Azərbaycan mətbuatının bu barədə daha çox yazması və müzakirə aparması Tiflis hökumətinə də təsir etsin. Yəni buna qədər hadisəyə laqeyd münasibət bəsləyirdilərsə, mümkündür ki, bundan sonra fəallaşsınlar və hüquqi baxımdan Rusiyaya təzyiqləri gücləndirsinlər. Hər halda Azərbaycan bu məsələdə öndə getməli və nümunə olmalıdır. Gürcüstanla da bu məsələdə fikir mübadiləsi aparılmalıdır”.

Polis vəzifə səlahiyyətlərini aşıb



İ. Altay

Hüquqşünas-kriminalist İlqar Altay isə Reyting.az-a açıqlamasında bildirib ki, qətldə ittiham olunan polisin belə tez və xüsusilə Rusiya İstintaq Komitəsi sədrinin imzası ilə nümayişkəranə şəkildə azad edilməsi təəccüb doğurur.

Onun sözlərinə görə, bu iş polisi azadlığa buraxmazdan əvvəl daxili təhqiqat və ilkin istintaq tərəfindən ətraflı araşdırılmalı idi:

"İkincisi, Rusiyanın hansısa vilayətində baş verən hadisəyə niyə federal hüquq-mühafizə rəhbəri xüsusi qarışıb, qərar verir? Açıq-aşkar fərqli və qərəzli yanaşma nümayiş etdirilir".

İ. Altayın fikrincə, videofaktların müşahidə və təhlili göstərir ki, burada Rusiya mühitində bütün günü baş verən, polisə adi müqavimət var: "Vəkil adlı gənc, bandit deyil, polisə hücum etmir, məqsədi hisslərin coşan vaxtı polisin izafi kobud davrandığı dostuna yardım etmək olub. Hərgah ki, bu da Vəkil Abdullayev tərəfdən qanun pozuntusudur. Amma o qədər yox ki, güllələnsin. Polis bu halda hikkəsinə aludə olmamaqla, təlimata uyğunsuz, savadsız və vəzifə səlahiyyətini aşaraq davranıb. Nə silah çıxarmağa, nə onu atəşə hazır vəziyyətə gətirməyə, nə də atəş açmağa lüzum görünmür. Silah tətbiqinin konkret yazılı qaydaları var".

Hüquqşünas qeyd edib ki, Rusiyada etnik gəlmələrə qarşı ictimai və siyasi xadimlərin mətbuat səviyyəsində qərəzli və təzyiqli yanaşmaları planlı məsələdir:

"Bunlar Rusiya cəmiyyəti və xalqının hakimiyyətdən olan sosial-iqtisadi narazılığını milli düşmən axtarma və qurama milli təəssübkeşlik hisslərinə yönəltməklə yayındırmağa xidmət edir.

Vəkil Abdullayev Gürcüstan vətəndaşı olmaqla Azərbaycan tərəfinin onu rəsmi müdafiə etməsi məncə, siyasi və diplomatik uyğunsuzluq olar. Bu məsələni rəsmi qaldırmaq onun vətəndaşı olduğu Gürcüstan hökumətinin üzərində və səlahiyyətindədir. Azərbaycan tərəfindən isə soydaşımızın müdafiəsi üçün yalnız ictimai addımlar atılar, bunu da biz mətbuat və digər ictimai yollarla edə bilərik".

Reyting.az




Bölməyə aid digər xəbərlər