“Rusiya Cənubi Qafqazı uduzub” - Politoloq
Tarix: 27-06-2021 19:14 | Bölmə: Slayd
“Rusiya Cənubi Qafqazı uduzub”

“Azərbaycan müstəqil dövlətdir. Əgər arzu edərsə, dövlət özünün Hərbi Doktrinasına və Təhlükəsizlik Konsepsiyasına dəyişiklik edə bilər. Azərbaycan prezidenti də elan etdi ki, biz Silahlı Qüvvələrimizdə Türk Ordusu modelini qəbul edirik. Yəni ordumuz bu modelə uyğunlaşdırılacaq. Əlbəttə, bu halda kənardan kimin nə deməsi o qədər də rol oynamır”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev deyib.

C. Nuriyevin fikrincə, Azərbaycanı sevməyən ölkələr heç vaxt istəməz ki, burada Türkiyənin hərbi bazası olsun. Onun sözlərinə görə, buna baxmayaraq, Türkiyə heç vaxt regiondan çıxmayacaq: “Çünki Türkiyənin regiondan getməsi Azərbaycanı ona uyğun olmayan reallıqlarla üz-üzə qoya bilər. Əgər hansısa dövlət Azərbaycanda Türk hərbi bazasının olmasını istəmirsə, bu o demək deyil ki, biz də istəməməliyik. Elə son 200 ildə onların istəyi reallaşıb bu günə qalmışıq. Artıq Azərbaycan öz sözünü deyib və geri çəkilməyimiz üçün əsas yoxdur”.

C. Nuriyev əlavə edib ki, kimin hansı siyasəti həyata keçirməsindən asılı olmayaraq regionda sabitlik yaranacaq: “Burada əsas oyunçulardan biri Türkiyədir. Açar dövlətlər isə Azərbaycan və Ermənistandır. Gürcüstan onsuz da Rusiyanın nəzarətindən çıxıb. Növbəti mərhələdə əsas rolu Ermənistan oynayacaq. Nikol Paşinyanın hakimiyyətdə qalması o deməkdir ki, Rusiya bu döyüşü və ümumiyyətlə, Cənubi Qafqazı uduzub. Rusiyanı narahat edən də budur. Düşünür ki, Ermənistan və Azərbaycan əldən çıxmayacaq. Amma əksinə, gələcəkdə bu proses hətta Şimali Qafqaza da təsir edə bilər. Rusiya əslində Azərbaycanı Ermənistana satmaqla böyük səhv etdi. Bu, Rusiyanın gələcək taleyinə ciddi təsir göstərəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər