NATO 30 hərbi gəmi və 40 qırıcı ilə Qara dənizə daxil olub
Tarix: 28-06-2021 16:04 | Bölmə: Slayd
NATO 30 hərbi gəmi və 40 qırıcı ilə Qara dənizə daxil olub

Rusiya və Ukrayna arasında yaşanan və beynəlxalq ictimaiyyətin də daxil olduğu gərginlik artan xətt üzrə davam edir. Moskvanın etirazlarına baxmayaraq bu gün ABŞ və Ukrayna ilə birlikdə 30-dan çox ölkə Qara dənizdə hərbi təlimlərə start verib.

Reyting.az
bildirir ki, bu addımla 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsinin ardınca başlayan gərginlik artan xətt üzrə inkişaf edir.

Rusiyanın “Təxirə salın!” çağırışlarına rəğmən 30-dan çox dövlətin iştirakı ilə “Dəniz küləyi-2021” təlimləri faktiki başlayır.

İki həftə davam edəcək və NATO ilə birlikdə digər ölkələrin beş mindən çox hərbçisinin yer alacağı təlimlərdə 30 hərbi gəmi, 40 təyyarə də iştirak edəcək. ABŞ-a aid “USS Roos” adlı “məhvedici” gəmi də artıq Qara dənizdə mövqe tutub.

Rəsmi Kiyev hərbi təlimlərin əsas məqsədinin çoxvektorlu sülhü qoruma gücünün müştərək əməkdaşlıq və təhlükəsizlik əməliyyatları çərçivəsində təcrübə toplamaq olduğunu bildirib.

Yeri gəlmişkən, bu təlimlər Ukraynada əsrin hərbi təlimləri kimi qiymətləndirilir. Rəsmi Moskva neçə müddətdir ki, bu təlimləri təxirə salmaqla bağlı çağırışlar edir. Lakin NATO başda olmaqla Rusiyanın çağırışlarına məhəl qoyan yoxdur. Xüsusilə, nəzərə almaq lazımdır ki, Rusiya da bu yaxınlarda Qara dənizdə böyük hərbi təlimlər təşkil edib.

Məlumat üçün qeyd edək ki, NATO-nun Şərqi Avropa cinahı ilə Moskva arasında əsas problem 2014-cü ildən başlayıb. Rusiyanın açıq formada Krımı qəsb etməsi beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olmuşdu. Rusiya faktiki Krımı ilhaq etsə də, BMT başda olmaqla dünya bu ərazini Ukraynanın ayrılmaz hissəsi sayır. 2014-cü ildə başlanan bu gərginlik 2021-ci ildə özünün pik nöqtəsinə çatıb. Rusiya aprel ayında Ukrayna sərhədlərinə 100 minə yaxın hərbçi toplamışdı. İndi isə Rusiyanın 10 minlərlə əsgəri Ukrayna sərhədlərindədir.

Onu da qeyd edək ki, Rusiya bu gün Qara dənizdə təlimlərə başlayan NATO-ya özünəməxus formada mesaj verib. “TASS” Agentliyi xəbərində deyilir ki, Rusiyanın Plesetsk kosmodromunda hazırlanan yeni qitələrarası ballistik raketlərin sınağı uğurlu olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər