Azərbaycan və Türkiyənin tez-tez birgə hərbi təlimlər keçirməsində məqsəd... - Hərbi ekspert şərh edir
Tarix: 29-06-2021 16:15 | Bölmə: Slayd
Azərbaycan və Türkiyənin tez-tez birgə hərbi təlimlər keçirməsində məqsəd...

“Azərbaycan və Türkiyə ordularının sistematik olaraq birgə hərbi təlimlər keçirməsi təsadüfi deyil. İki ordu arasında mütəmadi təlimlərin keçirilməsini bir neçə amillə əlaqələndirmək olar”.

Bu sözləri Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.

Hərbi ekspert bildirib ki, Azərbaycan və Türkiyə ordusunun mütəmadi birgə təlimlərinin keçirilməsi tam məntiqə uyğundur.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Türkiyə bəyan edib ki, Azərbaycan Ordusu türk modeli və sistemi əsasında qurulacaq: “Belə təlimlər sırf türk modeli və sisteminə keçiddə xüsusi əhəmiyyət daşıyır. Düzdür, onsuz da Azərbaycan Ordusu uzun müddət Türk Ordu sistemi ilə tanış idi, təlimlər də olurdu. Müharibədən sonra bu proses daha da dərinləşir. Hesab edirəm ki, bu, müsbət addımdır.


A. İsazadə

İkincisi, qənaətimcə, söhbət yalnız Azərbaycan Ordusunun nəsə öyrənməsindən getmir. Burada əsas söhbət həm də Azərbaycan zabitlərindən gedir. 44 günlük müharibə zamanı bizim ordumuz kifayət qədər təcrübə toplayıb. Bu təcrübə türk zabitlər üçün də maraqlıdır. Deməli, təkcə Azərbaycan Ordusu deyil, eyni zamanda Türk Ordusu da nəyisə öyrənir, hansısa məsələləri dəqiqləşdirir. Bu, faktiki olaraq ikitərəfli təcrübə mübadiləsidir. Təlimlər bu aspektdən müsbət və lazımlıdır.

Üçüncüsü, burada hərbi-siyasi məqam da var. Hər bir təlimin məqsədi hərbi-hazırlıq işləri olsa da, prosesin arxasında hərbi-siyasi amil də var. Çünki biz bilirik ki, Ermənistan hansı yolla gedəcək. Bu ölkə Azərbaycanla sülh müqaviləsinə hazırdırmı, ya yox? Eləcədə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tamımayacağı məsələsi var”.

A. İsazadə əlavə edib ki, sərhəddə gedən proseslər hələlik ölkəmizə ciddi təhlükə yaratmır: “Amma proseslər göstərir ki, müharibə başlamasa belə, anti-terror və ya anti-diversiya əməliyyatları keçirə bilərik - əgər ermənilər bizi buna vadar edərsə. Bəli, indi risk yüksək deyil, amma təhlükəni istisna etmək də olmaz.

Dördüncüsü, nəzərə almaq lazımdır ki, hər bir təlim həm də hərbi gücün nümayişidir. Təlimlərin xarakterindən, ssenarisindən asılı olaraq bu bilinir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər