Fazil Mustafa: “Qiymət artımı dünyadan gələn tələbdir, amma bəzi məqamlar nəzərə alınmalıdır”
Tarix: 01-07-2021 12:22 | Bölmə: Slayd
Fazil Mustafa: “Qiymət artımı dünyadan gələn tələbdir, amma bəzi məqamlar nəzərə alınmalıdır”

“Qazın qiyməti daha çox beynəlxalq iqtisadi əsaslandırma ilə müəyyən edilir. Yəni hansı ölkədə hansı səviyyədə satışı kerçəkləşirsə, burada da qazın maya dəyərinə uyğun olaraq yerli bazarda satışı nəzərdə tutulur. Bunun iqtisadi əsaslandırması realdır və daha çox qazın satışından itkiləri kompensasiya etmək mümkün olacaq”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Fazil Mustafa ötən gün Tarif Şurasının qərarı ilə qazın qiymətinə edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Fazil Mustafa bildirib ki, əslində əhalinin gəlir səviyyəsinin artması fonunda bu kimi qiymət artımları və ya dəyişikliklər heç bir əhəmiyyət kəsb etmir.

Onun sözlərinə görə, təkcə Azərbaycanda deyil, bütövlükdə dünyada əhalinin gəlirləri pandemiya səbəbinən aşağı düşüb: “Əslində narahatlıq məhz bundan doğur. Əlbəttə, bunun konpensasiyası da ola bilər. Hər halda biz belə addımlar zamanı əhalizimiz aztəminatlı hissəsinin maraqlarını nəzərə almalıyıq”.

Deputat diqqətə çatdırıb ki, əhali üçün qaz limitinin endirilməsi narahatlıq yarada, aztəminatlı təbəqəyə ziyan vura bilər, amma qiymət artımı dünyadan gələn tələbdir:

“Məncə, yaxşı olardı ki, limiti 2500 kub saxlamaqla qiymət bahalaşmasına getmək olardı. Bu halda qiyməti 25 qəpik deyil, lap 40 qəpiyə də qaldırmaq olardı. Hər halda ümid edirəm ki, bu, başqa sahələrə təsir etməyəcək. Ümumən bir daha qeyd edim ki, qiymət qaldırılması tələbdir. Dünya bazarı ilə müqayisədə qiymətlər uduzdur. Biz burada diqqəti gəlir səviyyəsinə yönəltməliyik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər