“Azərsu”yun xərclədiyi milyonlar şübhə altına düşüb - Deputat araşdırma tələb edir
Tarix: 02-07-2021 11:52 | Bölmə: Slayd
“Azərsu”yun xərclədiyi milyonlar şübhə altına düşüb - Deputat araşdırma tələb edir

“Gəncədə su qıtlığı səbəbindən yaranmış gərgin vəziyyətlə əlaqədar hökumətə müraciət etmək istəyirəm. Yay fəslinin gəldiyi cəmi 10 gündür, amma Gəncədə artıq ağacların payızıdır. Susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur. Körpə fidanlarla yanaşı 100-150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur”.

Reyting.az
bildirir ki, bunu Milli Məclisin iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri əlavə edib ki, bir çox məhəllələrdə evlərə gündə cəmi 2 saat su verilir:

“Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxartdılar ki, şəhərin su-kanalizasiya sistemi yenidən qurulur. 2011-ci ildə “Azərsu” ASC-nin başladığı layihənin indiyədək cəmi 42 faizi icra olunub. 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq nəticə yoxdur. Əslində nəticə var: bu, qazıq-qazıq küçələr, gündə bir küçədə partlayıb dağılan keyfiyyətsiz qurulan kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığıdır. Ən acınacaqlı nəticə isə odur ki, həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin 1 yanvar tarixindən dayandırılıb. Bu, xalqa və dövlətə qarşı cinayətdir”.


M. Quliyev

Millət vəkili qaldırdığı bu məsələyə dair Hesablama Palatasına da səslənib: “Bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü araşdırın!

Respublika Prokurorluğuna müraciət edirəm: yoxlayın, aydınlaşdırın, bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub?

Gəncədə yaşıllıqlar məhv olur, insanlar əziyyət çəkir. Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şeyxzamanlı, Natəvan qəsəbələrində 6000-ə yaxın fərdi yaşayış evi tikilib. Heç birinin də su-kanalizasiya təchizatı yoxdur. Təcili şəkildə bu problemlər öz həllini tapmalıdır. Hazırda Gəncənin su probleminin həlli üçün 30 yeni artezian quyusunun qazılmasına ehtiyac olduğu halda bu il cəmi 1 artezian quyusunun qazılması nəzərdə tutulur.

Mən hökumətə müraciət edirəm: cənab Baş nazir, Gəncənin su qıtlığı problemini nəzarətinizə götürün və qısa meddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin”.




Bölməyə aid digər xəbərlər