Təhlükə sovuşur, Qarabağa qayıdış asanlaşır - Hərbi ekspert
Tarix: 05-07-2021 11:48 | Bölmə: Slayd
Təhlükə sovuşur, Qarabağa qayıdış asanlaşır

“Ağdamdan sonra Füzuli və Zəngilan rayonlarının minalanmış ərazilərinin xəritələrinin Ermənistandan alınması əhəmiyyətli hadisədir. Bu xəritə əsasında insan itkisinin qarşısı böyük ölçüdə alınacaq”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Füzuli və Zəngilan rayonlarının minalanmış ərazilərinin xəritəsinin 15 diversant qarşılığında alınmasını şərh edərkən deyib.

Hərbi ekspert bir reallığı da anlamağın vacib olduğunu bildirib: “Biz həmin əraziləri xəritələr üzrə təmizləsək də, mina problemini 100 faiz həll edə bilməyəcəyik. Nəzərə almaq lazımdır ki, qarşımızdakı ermənidir. Sözsüz ki, xəritəyə düşməyən, fərdi və özfəaliyyət kimi mina basdıranlar da olub”.


Azad İsazadə

Mütəxəssis xüsusilə vurğulayıb ki, indiki halda xəritələrin əlimizdə olması mina probleminin 99 faiz həll olunması deməkdir. Onun sözlərinə görə, bu xəritə sayəsində böyük ərazilər təhlükəsiz olacaq: “Odur ki, bu ərazilərin problemləri böyük ölçüdə yüngülləşir. Sabah əhalinin öz evlərinə qaytarılması prosesi də asanlaşacaq. Ancaq hələlik üç rayonun minalanmış ərazilərinin xəritələri bizə təqdim edilib. Hesab edirəm ki, bu iş davamlı olacaq”.

Azad İsazadə əlavə edib ki, xəritələrin Bakının əlində olması ilk növbədə mina təmizləyənlərin işini asanlaşdıracaq, onların təhlükəsiz işləməsinə səbəb olacaq: “Əgər əvvəllər təxmini istiqamətlər üzrə axtarış həyata keçirilirdisə, indi bu iş konkret xəritələr əsasında aparılacaq. Deməli, həm də minaaxataran mütəxəssislərimizin həyatı qarantiyaya alınacaq. Məsələnin birinci tərəfi budur.

İkinci tərəfinə gəldikdə, hazırda bu ərazilər mülki insanların üzünə bağlıdır. Yəni insan itkilərinin qarşısını almaq üçün ərazi bağlı saxlanılıb. Əgər biz ərazini insanlarımızın üzərinə açsaydıq və indi açsaq sözsüz ki, itkilərimiz daha çox ola bilər. Amma mina xəritələrinin əlimizdə olması bizə imkan verəcək ki, daha tez təmizləmə işləri aparılsın və ərazi insanların üzünə daha tez açılsın. Çünki biz insanların təhlükəsizliyini təmin etmək üçün məcburuq ki, yay-yaz mövsümündə əhalini ora buraxmayaq və minaları təmizləyək. Yəni minaların təmizlənməsi yalnız insan itkilərinin qarşısını almır, həm də insanların ora təhlükəsiz formada qayıdışını tezləşdirir. Təsəvvür edin ki, söhbət 92 min minadan gedir. Bu nə qədər insanımızın canını ala bilərdi. İndiki halda bu minaların hamısı xəritələr əsasında təmizlənəcək və insan itkilərinin qarşısı alınacaq”.

Müsahibimiz diqqətə çatdırıb ki, ərazi təmizləndikdən sonra turistlər, kənd təsərrüfatı ilə məşğul olan şəxslər, biznesmenlər və ya hərbçilər rahat şəkildə ora gedə biləcəklər: “Yəni statusundan asılı olmayaraq bu ərazilərə gedəcək şəxslərin təhlükəsizliyi təmin olunacaq. Turist də, biznesmen də rahat şəkildə gedib-gələcək. İnfrastruktur daha etimadlı formada qurulacaq. Həmçinin sonrakı mərhələdə böyük əkin işləri həyata keçiriləcək. Bu ərazilərdə əsl yaşayış başlayacaq. Bir sözlə, xəritələrin alınması böyük və əhəmiyyətli bir problemin həlli deməkdir. Biz bununla insan itkilərinin qarşısını əhəmiyyətli dərəcədə alacağıq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər