“Erməni silahlılarına sərt cavab verilməli, sülhməramlılardan tələb olunmalıdır ki...” - Deputat
Tarix: 07-07-2021 14:00 | Bölmə: Slayd
“Erməni silahlılarına sərt cavab verilməli, sülhməramlılardan tələb olunmalıdır ki...”

“Erməni silahlı dəstələrinin Ağdam istiqamətində Azərbaycan tərəfini atəşə tutmasını Rusiya sülhməramlıları araşdırmalı və hesabat verməlidirlər. Yəqin ki, Azərbaycan tərəfdən onlara müraciət təqdim olunacaq. Hesab edirəm ki, belə hallarda məsələni gərginləşdirmədən rus sülhməramlılarının öz funksiyasını yerinə yetirməsi istiqamətində addımlar atmasına çalışmaq, təmaslar zamanı insidentin mahiyyətinin Azərbaycan tərəfinə çatdırmasını xatırlatmaq, əks təqdirdə bu kimi hallara sərt cavab veriləcəyini bildirmək vacibdir. Belə hallarda erməni tərəfinə sərt cavab vermək lazımdır”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ötən gün erməni silahlı dəstələrinin Ağdam istiqamətində Azərbaycan tərəfini atəşə tutması və bir hərbi qulluqçumuzun yaralanmasından danışarkən deyib.

Fazil Mustafa bildirib ki, belə hadisələr davamlı olarsa, Azərbaycan tərəfi buna sərt cavab verməlidir: “Rus sülhməramlıları orada papağı günə yandırmırlar. Əgər orada oturublarsa, qaydalara da əməl etməlidirlər”.

F. Mustafanın fikrincə, Rusiya və Türkiyə hərbçilərindən ibarət olan Monitorinq Mərkəzi də məsələni araşdırmalıdır: “Hesab edirəm ki, bu insident Rusiya və Türkiyə, eləcədə Azərbaycan və Ermənistanın iştirakı ilə müzakirə olunmalıdır”.

Deputat əmindir ki, ermənilərin bu kimi hərəkətlərini dayandırmaq mümkündür: “Əlbəttə, dayandırmaq olar. Ermənilər dayanmayacaq bir qüvvə deyil. 44 günlük müharibə hər şeyi ortaya qoyub. Sadəcə, bu məsələdə də prinsipial mövqe ortaya qoymaq lazımdır. Bununla da qarşı tərəf görməlidir ki, bizimlə zarafat etmək olmaz”.

Reyting.az




Bölməyə aid digər xəbərlər