Cənubi Qafqazı da əhatə edən “böyük oyun”un ilk mərhələsi başlayır - Professor
Tarix: 07-07-2021 15:54 | Bölmə: Slayd
Cənubi Qafqazı da əhatə edən “böyük oyun”un ilk mərhələsi başlayır

“Hazırda həllini gözləyən bir sıra problemlər var. Birincisi Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan bunu istəmir. Bunun forması da müəyyən edilməyib. Eləcə də Laçın dəhlizi. Nəhayət Ermənistana pul lazımdır və Moskvadan pul qoparmağa da çalışacaqlar. Əsas məsələlər bunlardır”.

Bu sözləri Reyting.az-a professor Əli Abbasov Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Moskva səfərindən danışarkən deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanın vəziyyəti çox pisdir: “Ruslar Ermənistana silah verə bilər, amma Ermənistanın pulu yoxdur. Məncə, Ermənistan Rusiyadan da pul qoparmağa çalışacaq. Ruslar isə onlara deyəcəklər ki, Zəngəzur dəhlizini açın, qarşılıqlı əməkdaşlıq yaransın, habelə Moskvaya yol açılsın”.

Professor əlavə edib ki, Moskvada Türkiyə və Azərbaycanla bağlı da müzakirələr aparıla bilər. Ə. Abbasov hesab edir ki, Rusiya Ermənistanı bu iki dövlətlə münasibətlərini qaydaya salmağa məcbur etməlidir: “Ancaq hər bir dövlətdə seçkini udan şəxsin ilk xarici səfəri çox şeydən xəbər verir. Paşinyan birinci dəfə seçkiləri udanda Gürcüstana səfər etmişdi. İkinci dəfə seçildikdən sonra Moskvaya səfər edir. Mümkündür ki, bu, simvolik səfərdir. Ancaq reallıq budur ki, gündəlikdə həllini gözləyən məsələlər çoxdur və onların həlli üçün yollar tapılmalıdır. Ola bilsin ki, Azərbaycanla üz-üzə danışmaq istəmirlər, bu səbəbdən də fikir və mövqelərini Rusiyaya çatdıracaqlar”.

Ə. Abbasov əlavə edib ki, hazırda regionda və yaxın ətrafda gedən proseslər ilk olaraq Rusiya, İran və Ermənistana qarşıdır. Bu səbəbdən də indiki mərhələdə üç ölkə bir yerdə olmalı və bir-birinə kömək etməlidir.

Professor eyni zamanda diqqətə çatdırıb ki, üç Cənubi Qafqaz və beş Orta Asiya respublikasının birləşərək yeni platforma yaratması da təklif olunur: “Sözsüz ki, bu platforma da ruslara qarşıdır. Hər halda “böyük oyun” termini var. Hesab edirəm ki, bunun ilk mərhələsi başlayır. Çox güman ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Asiya-Sakit okean regionu əhəmiyyət kəsb edir. ABŞ və Qərb faktiki olaraq Əfqanıstandan gedir. Əvəzində orada boşluğu Türkiyə və İngiltərə doldurmalıdır. Odur ki, Mərkəzi Asiya və Cənubi Qafqaz kimin yanında olacaqsa, həmin qüvvə Asiya-Sakit okean regionunda böyük gücə çevriləcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər