Hərbi ekspert: “Ağdamdakı insidentə görə məsuliyyəti sülhməramlılar daşıyır”
Tarix: 07-07-2021 17:03 | Bölmə: Slayd
Hərbi ekspert: “Ağdamdakı insidentə görə məsuliyyəti sülhməramlılar daşıyır”

“Hesab edirəm ki, son günlər baş verənlər təbii proses deyil. Əvvəla, nəzərə almaq lazımdır ki, insidentin baş verdiyi zona təxminən Ağdamın şərq hissəsi, Ağdərəyə bitişik ərazidir. Orada bizim ordumuzla qanunsuz erməni silahlı birləşmələri arasında Rusiya sülhməramlıları durur. Orada olan insanlar da təsdiq edir ki, sülhməramlıların bayraqları görünür. Oradan keçərək gəlib Azərbaycanın yol tikintisi ilə məşğul olan hərbçisini yaralamaq anlaşılmazdır”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrinin atəşə tutulmasından danışarkən deyib.

Onun sözlərinə, sülhməramlıların nəzarətində olan hissədən bir və ya bir neçə nəfər keçərək Azərbaycan hərbçilərinə atəş açıb: “Maraqlısı odur ki, həmin gün Rusiya Müdafiə Nazirliyi açıqlama verərək qeyd etmişdi ki, onların nəzrət etdiyi ərazilərdə atəşkəsdir, nəzarət təmin olunub. Bu, yalan idi. Halbuki, vəziyyətlə əlaqədar Monitoinq Mərkəzinə də, sülhməramlılara da informasiya verilmişdi. Sual yaranır ki, erməni yaraqlılarını bura kim buraxıb? Əgər buraxmayıblarsa belə onlar bu əraziyə necə keçib? Yəni kifayət qədər suallar ortaya çıxır”.

Ekspert bildirib ki, Ağdam istiqamətində baş verən bu insidentin məsuliyyətini rus sülhməramlıları daşıyır: “Onlar nəinki erməni silahlılarını bura buraxmamalı, orada yerləşən erməni hərbçiləri çoxdan tərki-silah etməli idi. Bunu üçtərəfli razılaşmaya görə etməli, Qarabağın bəlli nöqtələrində erməni silahlı qüvvələri qalmamalı idi. Yəni buna görə məsuliyyəti rus sülhməramlılar daşıyırlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər