Paşinyan bölgədə yeni müharibə təhlükəsi yaradır - Professor
Tarix: 08-07-2021 14:40 | Bölmə: Slayd
Paşinyan bölgədə yeni müharibə təhlükəsi yaradır

“Nikol Paşinyan seçkilərdə qalib gəldikdən sonra səsinin tonunu dəyişib. O, reallığı əks etdirməyən məsələlərdən danışır. Məsələn, olmayan Dağlıq Qarabağın statusu məsələsi üzərində dayanır. Eləcədə Azərbaycan-Ermənistan sərhəddində Rusiya silahlı qüvvələrinin dayanmasını istəyir. Kommunikasiyaların açılması məsələsində isə vaxt və zaman istəyir. Dünənə qədər bu məsələləri başqa tonda şərh edən Paşinyan indi verdiyi vədlərdən yayınmağa çalışır. Əminəm ki, o, Rusiyanı da bu yola çəkmək istəyir”.

Bu sözləri Reyting.az-a politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın son çıxışlarını şərh edərkən deyib.


Q. Hüseynli

Professor Qabil Hüseynli ehtimal edir ki, Rusiya tərəfi Nikol Paşinyanı kommunikasiyaların açılması ilə bağlı fikrindən daşındıra bilər: “Bu ehtimal yüksəkdir. Ancaq sərhədlərin delimitasiya və demarkasiyası mövzusunda Moskva görüşündə hansı müzakirələrin aparıldığını demək çətindir. Çünki Ermənistanın tələbləri xəritələrə uyğun deyil. Bu baxımdan parlament seçkilərindən sonra Paşinyanda müəyyən fikir dəyişikliyi müşahidə edilir. Üstəlik, seçkilərdən sonra hökuməti təşkil etmir. Gah deyir, parlamentar üsul-idarədən prezident üsul-idarəsinə keçirəm, gah da... Zənnimcə, onun vaxt udmağa çalışması həm Azərbaycanla danışıqlar prosesinə aiddir, həm də müəyyən şübhəli dairələrdən kömək umması ilə bağlıdır”.

Professor əlavə edib ki, Paşinyan seçkilər ərəfəsində daha pozitiv fikirlər səsləndirsə də, indi bundan əsər-əlamət yoxdur:

“İndi Paşinyan reallığı əks etdirməyən, bölgədə qarşıdurmaya əsas ola biləcək tezislər irəli sürməyə başlayıb. Ümid edirik ki, Rusiya bölgədə sabitliyə, kommunikasiya xətlərinin açılmasına, xüsuslə azərbaycanlı məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasına, məskunlaşma prosesinə həssas yanaşacaq”.

Q. Hüseynlinin sözlərinə görə, hazırda Qarabağın bəzi məntəqələrində təxminən 20 min erməni yaşayır: “Bunların çoxu əvvəllər Qarabağda yaşamayanlardır. Özləri bu yaxınlarda bildiriblər ki, 679 ailə Xankəndinə gətirilib. Sanki məsələni yenə də qarışdırmağa çalışır, düz yolla getmək istəmirlər. Yəni müharibə təhlükəsi yaradan addımlar atırlar. Eyni zamanda Azərbaycan ərazisində olan 10 minə yaxın qanunsuz silahlıları çıxarmaq əvəzinə bölgəyə orada heç vaxt yaşamayan adamları gətirməyə, atəşlə oynamağa çalışırlar. Yəni qarmaqarışıq durum var”.

Reyting.az




Bölməyə aid digər xəbərlər