Professor: “Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması mühüm hadisədir”
Tarix: 08-07-2021 17:46 | Bölmə: Slayd
Professor: “Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması mühüm hadisədir”

“Azərbaycan sözsüz ki, iqtisadi rayonlara bölünməli, hər bir iqtisadi rayonun spesfik imkanları və perspektivi nəzərə alınmalıdır. Hesab edirəm ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması da mühüm hadisədir. Əlbəttə, bu fərmanı verərkən onun arxa planını da fikirləşiblər. Bu terminin gündəmə gətirilməsində hansı məqsəd və niyyətlərin olduğunu dəqiq bilmirəm. Bu səbəbdən məsələyə ətraflı fikir bildirməyim doğru olmazdı. Ancaq “Zəngəzur” ifadəsinin rəsmiləşdirilməsi vacib gedişdir”.

Bunu Reyting.az-a sabiq təhsil naziri, professor Firudin Cəlilov prezident İlham Əliyevin ötən gün imzaladığı "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanla Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasından danışarkən deyib.

F. Cəlilov bildirib ki, Zəngəzur qədim regiondur və tarixi sənədlərdə keçir: “Zəngəzur tarixi Azərbaycan torpağıdır. 1991-ci ildə müstəqillik aktı qəbul edərkən ora əlavə etdik ki, yeni yaranan Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olan Azərbaycan dövlətinin varisidir. Həmin dövrün xəritələrində də Zəngəzur Azərbaycanındır. Sözsüz ki, Zəngəzur Azərbaycanın olmalıdır”.

Alim xatırladıb ki, 44 günlük müharibədən əvvəl mətbuata vaxtı gəldikdə Zəngəzur mahalının və Göyçənin şərq hissələrinin Azərbaycana qatılacağını deyib: “Zaman gəldikcə və şərait yarandıqca bu torpaqlar yenidən Azərbaycan ərazisinə qatılacaq. Mənim buna şübhəm yoxdur. Sadəcə, müəyyən tarixi məqamları gözləmək lazımdır. Bu gün belə məqam yoxdur. Biz 44 gündə həm də ona görə qələbə çaldıq ki, xalq yumruq kimi birləşmişdi. Amma müharibədən sonra “beşinci kolon” ikitirəlik yaratmağa çalışır”.

Firudin Cəlilov inanır ki, imkan yaranan kimi prezident İlham Əliyev bu məsələləri gündəmə gətirəcək: “Sözsüz ki, həm də bunu həyata keçirməyə çalışacaq. Əliyev boş-boş məsələləri gündəmə gətirmir. Deyir və edir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər