Deputat: "Qaydasızlıq aradan qaldırılmalıdır"
Tarix: 09-07-2021 11:43 | Bölmə: Slayd
Deputat: "Qaydasızlıq aradan qaldırılmalıdır"

“Mən vacib bir məsələyə diqqət çəkmək istərdim. Söhbət sakinlərdən dövlət ehtiyacları üçün torpaqların alınmasından gedir. Bununla bağlı Bakıda çoxlu mübahisə və münaqişələr yaranır. Deputat seçildiyim Xətai rayonunda da belə problem var”.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev bildirib ki, Xətai rayonunun 14 sakini belə bir problemlə əlaqədar ona müraciət edib: “Məndən əvvəl bu insanlar müvafiq dövlət qurumlarına da müraciət ünvanlayıblar. Mən də onların şikayətlərini müxtəlif dövlət qurumlarına göndərmişəm. Təəssüflər olsun ki, problem həllini tapmır”.

Q. Həsənquliyev diqqətə çatdırıb ki, ona müraciət edən 14 sakinlə bağlı dövlət ehtiyacları üçün torpaqların alınması zamanı qanunun tələbləri yerinə yetirilmir: “Məsələn, onlara deyilir ki, qonaq və yataq otağının kvadratmetrinə görə, min, mətbəx və dəhlizə görə 750 manat ödəniləcək. Təsəvvür edin, burada elə insan var ki, evinin təmirinə 100 min manat xərclənib, bəziləri daha az xərcləyib. Təəssüflər olsun ki, müstəqil ekspertlər də qiymətləndirmə üçün dəvət olunmurlar. Sakinlərin özlərindən xəbərsiz “Kapital Bank”da hesab açaraq ora pul köçürüblər. Məcburi qaydada, müqavilə bağlamadan evlər sökülüb. Hesab edirəm ki, bu sahədə olan qaydasızlıq nəhayətdə düzəldilməlidir. Cənab Prezident də demişdi ki, heç olmasa, insanlara 1500 manatdan ödəniş edilməlidir. Təklif edirəm ki, hər birimiz özümüzü bu insanların yerinə qoyaq. Ümid edirəm ki, sizin də dəstəyinizlə bu problem həllini tapacaq”.




Bölməyə aid digər xəbərlər