Ölkəmizdə “yaşıl soyqırım” törədilir, narkomaniya təhlükəli həddə çatır - Deputat həyəcan təbili çalır
Tarix: 09-07-2021 12:11 | Bölmə: Slayd
Ölkəmizdə “yaşıl soyqırım” törədilir, narkomaniya təhlükəli həddə çatır -  Deputat həyəcan təbili çalır

“Son dövrlər mediada və sosial şəbəkələrdə müxtəlif rayonlarımızda meşə sahələrinin kütləvi qırılması ilə bağlı müqayisəli peyk xəritələr paylaşılır. Təəssüf ki, bu məlumatların əksəriyyəti həqiqəti əks etdirir. Görünən odur ki, 2017-ci ildən bu yana yüz hektarlarla meşə sahəsi məhv edilib. 3-5 manat mənfəətə görə öz ekologiyamıza, övladımızın nəfəsinə qənim kəsilmişik”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Bəhruz Məhərrəmov deyib.

B. Məhərrəmov xatırladıb ki, ortada cənab Prezidentin iradəsi var, Bakı şəhərində son illər aparılan bütün söküntü işlərinin yerində parklar salınır, dövlət başçısı “Sovetski” kimi bir bahalı ərazini yaşıllıq zonasına, bulvarı milli parka çevirib, ərazi bir neçə dəfə böyüdülüb və paytaxtda digər oxşar misallar çoxdur: “Yəni tariximizin heç bir dövründə yaşıllığa münasibət İlham Əliyev hakimiyyəti qədər həssas olmayıb. Təsəvvür edin, bizim yaxın 10 illik Milli prioritetlərimizdən biri Yaşıl artım ölkəsi olmaqdır. Yaxşı, indi dövlət başçısının iradəsi bu yöndədirsə, bunlar kimdir ki, meşələri məhv edir?

Mən hansısa sahibkarı hədəfə gətirib linç etməyin tərəfdarı deyiləm. Sadəcə, problemə yol açan məqamları aradan qaldırmalıyıq. Birincisi, meşə fondu torpaqlarının xəritəsi hələ də ictimaiyyətə açıqlanmır. Niyə? Burda hansı sirr var? Bu gün ən müasir peyk sistemləri ilə hətta hərbi obyektləri görmək olur, yaxşı, indi meşə fondu torpaqlarının sərhədlərini kimdən gizlədirik?

Digər vacib məsələ: meşə fondunun ərazisi əvvəllər 10 illiyə icarəyə verilirdi. 2017-ci ildə Meşə Məcəlləsinə dəyişikliyindən sonra bu müddət 49 ilə qaldırılıb, bununla da torpaqlardan istifadəyə nəzarət imkanları zəifləyib. Ümumiyyətlə, meşə fondu torpaqları icarəyə verilir ki, məhv olmuş meşə massivləri bərpa olunsun. Bəs, bizdə nə edirlər? Əksinə, meşələri məhv edib yerində obyekt tikirlər, yerində bağ salınır, yaxud əkin əkilir. Mən iqtisadi fəaliyyətin əleyhinə deyiləm, gücümüzə güc qatır, amma niyə obyekt, yaxud əkin sahəsi meşə hesabına tikilməlidir? Yaxşı olmazmı ki, elə obyekt tikilsin, sonra ətrafında meşə salınsın”.

Deputat daha sonra onu narahat edən başqa problemə toxunub: “Azərbaycanda ucuz, hər kəs üçün əlçatan olduğu üçün daha təhlükəli narkotik vasitələr yayılır. Bu gün gənclər arasında “şüşə” yaxud “pati” deyilən maddənin istifadəsi o qədər adiləşib ki, insanda təəccüb doğurur. Mən dövlət strukturlarını qınamaq istəmirəm, əllərindən gələni edirlər, lakin problem köklü həll edilməlidir. Sirr deyil, bu zəhər Azərbaycana ən çox hardan gəlir, biz hər dəfə cinayətkarları tuturuq, məsuliyyətə cəlb edirik, sonra ekstradisiya olunurlar və ordan da açıb buraxırlar azadlığa. Bu qədər cinayətkar öz ölkəsinin sərhəddini necə keçə bilir? Niyə onlar öz ölkəsinin sərhəddini keçərkən, Azərbaycana narkotik maddə gətirməyə cəhd etdiyinə görə saxlanılmırlar? Bütün bunlar deməyə əsas verir ki, bu problemi elə özümüz həll edə bilərik, kimdənsə mədət gözləməyə dəyməz.

Düzdür, cəzanı sərtləşdirmək həmişə effekt vermir, amma biz digər tədbirlər fonunda cinayət qanunvericiliyində 234-cü maddəni, habelə, narkotik vasitələrin istehlakına təhrik etməyə görə sanksiyaları çox ciddi formada sərtləşdirilməliyik ki, Azərbaycan narkotik alverçisi, narkotik təminatçısı olan istənilən əcnəbi yaxud vətəndaş üçün qorxulu bir hüquqi zonaya çevrilsin”.

Reyting.az




Bölməyə aid digər xəbərlər