SSRİ-nin və ABŞ-ın ram edə bilmədiyi Əfqanıstan: “Taliban” hakimiyyətin bir addımlığındadır
Tarix: 10-07-2021 19:41 | Bölmə: Slayd
SSRİ-nin və ABŞ-ın ram edə bilmədiyi Əfqanıstan: “Taliban” hakimiyyətin bir addımlığındadır

“Əfqanıstanda “Taliban”ın durmadan ölkəyə nəzarəti ələ keçirməsindən sonra Rusiyanın narahatlığının səbəbləri ortaya çıxıb. Məsələ ondadır ki, Tacikistan və Qırğızıstan Əfqanıstanla sərhəddir. Bu iki ölkə eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatnın üzvdür. Rusiya başa düşür ki, “Taliban” bu ölkələrə problem yaratsa, Moskva ora müdaxilə etmək məcburiyyətində qalacaq. Bu halda qan tökülə bilər.

İkincisi, Rusiya çalışır ki, ABŞ-a alternativ addımlar atsın. Moskva artıq “Taliban”la danışıqlar aparır. Son məlumat budur ki, “Taliban”ın nümayəndə heyəti Moskvaya gələrək Rusiya rəsmiləri ilə müzakirələr aparıb. Moskva çalışır ki, ABŞ-a alternativ addım kimi “Taliban”ı öz tərəfinə çəksin. “Taliban”ın hakimiyyətə gələcəyini bildiyi üçün Əfqanıstanla münasibətlərini yaxşılaşdırsın və imkan olsa, ona nəzarət etsin. Bax, bu iki məsələ indi Moskvanı ciddi düşündürür”.


Bu sözləri Reyting.az-a politoloq Fikrət Sadıqov Əfqanıstanda baş verən son hadisələri və Rusiyanın bu məsələdə xüsusi fəallığının səbəblərini şərh edərkən deyib.

Politoloq bildirib ki, “Taliban”ın hakimiyyətə gəlməsi artıq reallıqdır: “SSRİ də zamanında əfqanlarla bacara bilmədi və 80-cı illərin sonlarında ordusunu bu ölkədən çıxarmalı oldu. Üstəlik, çoxsaylı itkilər verdi. Nəticədə Əfqanıstan yerli tayfaların nəzarətinə keçdi.


F. Sadıqov

Qeyd edim ki, “Taliban” hərəkatını əslində puştunlar yaradıb. Puştunlar Əfqanıstanın yerli əhalisi olmaqla yanaşı, say baxımından xüsusi üstünlükləri var. Orada taciklər, özbəklər, türkmənlər və digər xalqlar da var. Amma say baxımından ən çoxunu puştunlar təşkil edir. Onlar da hesab edirlər ki, niyə xarici ordular Əfqanıstanda olmalıdır? Düşünürlər ki, əcnəbi ordular ölkədən rədd olmalı və Əfqanıstanı özləri idarə etməlidirlər.

Bəli, bu həqiqətdir ki, Kabildəki hökumət əslində ABŞ tərəfindən yaradılmışdı. Hamı anlayırdı ki, ABŞ Əfqanıstanı tərk etsə, bu hökumət Əfqanıstana nəzarət edə bilməyəcək, “Taliban” niyyətlərini gerçəkləşdirəcək. Bu da baş verməkdədir”.

F. Sadıqov deyib ki, artıq “Taliban” da daxilən dəyişib: “Məsələn, “Taliban” bir zamanlar hakimiyyətdə olanda qadınlara, uşaqlara qarşı sərt davranır, mədəni dəyərlərə qarşı çıxırdı. Ancaq onlar indi dəyişib. Deyirlər ki, qadınlar təhsil almalı, işləməlidirlər. Ancaq hər halda orada gərgin durum var və ümid edək ki, ölkə tezliklə bərpa olunacaq, sabitlik yaranacaq.

Həqiqət budur ki, nə SSRİ, nə də ABŞ Əfqanıstanı ram edə bilmədi”.

Reyting.az




Bölməyə aid digər xəbərlər