Əfqanıstan alovun içində: Azərbaycanın hərbi kontingenti bu ölkədən çıxacaqmı?
Tarix: 12-07-2021 14:23 | Bölmə: Slayd
Əfqanıstan alovun içində: Azərbaycanın hərbi kontingenti bu ölkədən çıxacaqmı?

“ABŞ və NATO Əfqanıstandan çıxdıqdan sonra, əgər orada missiyanı Türkiyə öz üzərinə götürəcəksə, bu zaman Azərbaycanın Əfqanıstanda olan hərbi kontingenti ilə bağlı məsələ Azərbaycan-Türkiyə danışıqlarından asılı olacaq. Türkiyə bilir ki, Əfqanıstanda belə bir missiyanı həyata keçirməyin çoxsaylı riskləri var, bədəllər ödəyə bilər. Ona görə də, Ankara bu məsələyə ehtiyatla yanaşır”.

Bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

S. Əkbərin sözlərinə görə, ABŞ, Böyük Britaniya və ola bilsin ki, digər ölkələrin Əfqanıstanda məhdud sayda olsa da, kontingenti qalacaq:

“Söhbət kəşfiyyat, təhlükəsizlik, agentura və sairdən gedir. Yəni Əfqanıstanı birdəfəlik tərk etmirlər. O biri tərəfdən də Türkiyə həm ABŞ, həm də “Taliban”la danışıqlar aparır. Türkiyə orada Əfqanıstan hökuməti və “Taliban”ın mövqeyinə zidd bir missiyanı öz üzərinə götürməyəcək. Türkiyə orada razılaşma və öz yumşaq gücündən istifadə etməklə qalmaq və proseslərə nəzarəti öz üzərinə götürmək istəyir”.

S. Əkbər deyib ki, Türkiyə bu strategiyada əslində böyük rol alıb. Onun sözlərinə görə, bu, Türkiyə üçün ciddi sınaq ola bilər.

“Taliban” hərakatının Əfqanıstanda hakimiyyətin bir addımlığında olması reallığı konteksində bu ölkənin Azərbaycanla münasibətdə hansı mövqedə duracağına gəldikdə, S. Əkbər xatırladıb ki, Əfqanıstan hər zaman Azərbaycanı dəstəkləyib: “Mənə elə gəlir ki, “Taliban”ın gələcəyi, Əfqanıstandakı hakimiyyəti və Əfqanıstan İslam Əmirliyi haqqında indidən uzaqgedən nəticələr çıxarmaq olmaz. Əvvəla burada çoxsaylı güclər başda olmaqla böyük maraqlar var. Bu böyük güclərin hər birinin “Taliban” daxilində müəyyən təsirləri mövcuddur. “Taliban” yekcins və monolit təşkilat deyil. “Taliban”ın arxasında əsas güclərdən biri də Pakistan kəşfiyyatıdır. Bunu da nəzərə almaq lazımdır. Mənə elə gəlir ki, indi əsas diqqət həm də “Taliban”ın özünün bu sınaqdan necə çıxması məsələsidir. “Taliban”ın birliyini qoruyub saxlaması, beynəlxalq birliklə hansı münasibətlər quracağı məsələləri mühümdür. Nəzərə almaq lazımdır ki, terror təşkilatı kimi fəaliyyət göstərmək ayrı, dövlət qurmaq isə tam ayrı məsələlərdir. Odur ki, tələsmək lazım deyil. “Taliban”ın özünü də ciddi sınaq gözləyir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər