Politoloq: “Rusiya Əfqanıstanın içərilərinə doğru irəliləməyəcək”
Tarix: 12-07-2021 15:06 | Bölmə: Slayd
Politoloq: “Rusiya Əfqanıstanın içərilərinə doğru irəliləməyəcək”

“Rusiyanın Əfqanıstana müdaxilə edəcəyini düşünmürəm. Bu Rusiyanın nəyinə lazımdır və gedib orada nə edəcək? Əfqanıstana daxil olmaq məsələsi yoxdur, sadəcə, Özbəkistan və Tacikistana dəstək olacaq. Üstəlik, Əfqanıstanda kifayət qədər tacik yaşayır və onlar da “Taliban”a gözyumulu tabe olmaq niyyətində deyillər. İstisna etmirəm ki, Rusiya öz xəttini daha çox Özbəkistan və Tacikistana kömək etməklə həyata keçirəcək. Daha çox Tacikistana dəstək veriləcək”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Rusiyanın məcburiyyət qarşısında qalaraq Əfqanıstana daxil olub-olmamaq ehtimalını qiymətləndirərkən deyib.

R. Musabəyov bildirib ki, Özbəkistan güclü dövlətdir: “Həm əhalisi, həm ordusu, həm də imkanlarına görə. Üstəlik, Özbəkistanın Əfqanıstanla sərhədi böyük deyil. Özbəkistan sərhədlərini qorumaq iqtidarındadır. Hətta mümkündür ki, bu məsələdə Türkiyə ilə birlikdə hərəkət etsin. Amma Tacikistan pis vəziyyətdədir və indidən ona müəyyən problemlərin yarandığı hiss edilir”.

R. Musabəyov əlavə edib ki, hətta vəziyyət daha da kəskinləşsə belə, Rusiya Əfqanıstanın içərilərinə doğru irəliləməyəcək: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) komandanlarından biri, rus general-polkovniki Sakalovski bildirib ki, orada KTMT-nin hərbi birləşməsinin istifadəsindən deyil, sərhədi möhkəmləndirməkdən söhbət gedə bilər.

Həm də nəzərə almaq lazımdır ki, hərbi hava qüvvələri var. Nəzərə alsaq ki, Tacikistan və Əfqanıstan sərhədləri dağlardan ibarətdir, ora nəzarət etmək imkanları çətindir, üstəlik, Tacikistanın texniki imkanları da yoxdur. Düşünürəm ki, Rusiya ora helikopterlər, təyyarələr göndərə bilər. Mümkündür ki, pilotsuz uçuş aparatlarından istifadə ediləcək ki, sərhədi nəzarətdə saxlasın. Açığı, Tacikistanın ora nəzarət etmək imkanı yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər