Eldar Həsənov DTX-nın hospitalında əməliyyat olunub
Tarix: 13-07-2021 11:53 | Bölmə: Slayd
Eldar Həsənov DTX-nın hospitalında əməliyyat olunub

Həbsdə saxlanılan Azərbaycanın Serbiyadakı keçmiş səfiri və sabiq baş prokuror Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalındadır. Dünən o, bağırsaq keçməzliyi ilə əlaqədar cərrahi əməliyyat olunub, vəziyyəti stabildir. Reyting.az xəbər verir ki, bu barədə “Turan”a Həsənovun yaxınları bildirib.

Qeyd edək ki, hələ mayın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi vəkillərin müraciəti əsasında və ehtiyat tədbirləri çərçivəsində Həsənovun xəstəxanaya yerləşdirilməsi barədə qərar verib.

Amma bu qərar icra edilməyib və müdafiə tərəfi təkrarən Strasburq məhkəməsinə müraciət edib. İyunun 23-də məhkəmə qəti şəkildə Həsənovun xəstəxana şəraitində müayinəsini tələb edib. Həsənov iyulun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına yerləşdirilib.

Bir müddət əvvəl vəkil Cavad Cavadov Həsənovun ağır xəstəliyini nəzərə alaraq, barəsindəki qətimkan tədbirinin dəyişdiriləcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhülkəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, növbəti gün məhkəmə onu sui-istifadə və büdcə vəsaitlərini məqsədindən kənar xərcləmə ittihamı ilə həbs edib.

Eldar Həsənov 2001-2020-ci illərdə Azərbaycanın Rumıniyadakı, daha sonra isə Serbiya, Monteneqro və Bosniyadakı səfiri vəzifələrini tutub.

1995-2000-ci illərdə o, Azərbaycanın baş prokuroru olub.




Bölməyə aid digər xəbərlər