Şuşa ətrafında və Naxçıvanla sərhəddəki hərbi gərginliyi Rusiyapərəst qüvvələr yaradır - Politoloq
Tarix: 14-07-2021 16:39 | Bölmə: Slayd
Şuşa ətrafında və Naxçıvanla sərhəddəki hərbi gərginliyi Rusiyapərəst qüvvələr yaradır

Ermənistan silahlı qüvvələri və Qarabağdakı qanunsuz erməni silahlı dəstələri Azərbaycana qarşı növbəti hərbi cinayətə əl atıblar. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri iyulun 13-də Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqelərini atəşə tutub. Bu hadisədən bir neçə saat sonra - iyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutması nəticəsində hərbi qulluqçumuz Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Ermənistanın və onun nəzarətindəki qanunsuz silahlı dəstələrin Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərdən danışarkən Reyting.az-a deyib ki, baş verənləri Moskvapərəst qüvvələrin təxribatı kimi qiymətləndirir: “Görünən odur ki, Ermənistanda “Beşinci kolon” kifayət qədər güclüdür və Moskvaya daha itaətlə yanaşırlar. Erməni ordusunun ali rütbəli şəxslərindən tutmuş orta və aşağı rütbəli zabit heyətinə daxil olanlar Moskvaya biət edən insanlardır. Həm də ordu daxilində “Qarabağ klanı”na aid olan general və zabitlər üstünlük təşkil edir. Onlar ordu daxilində “Beşinci kolon”un sarsılmaz ittifaqını yaradıblar. Bu sarsılmaz ittifaqa göstərişlər Paşinyandan deyil, Moskvadan, hətta Gümrüdəki 102-ci hərbi briqadandan gələ bilər”.

Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanda münasibətlər o qədər mürəkkəb və ziddiyyətli formada cərəyan edir ki, burada kimin-kim olduğunu, kimin-kimdən tapşırıq aldığını müəyyən etmək o qədər də asan deyil: “Bu baxımdan bölgəni qarışdırmaq istəyən “Beşinci kolon”un nümayəndələri sözsüz ki, birbaşa xaricdən təlimat alırlar. Yəni bu bölgədə maraqları olan, ancaq bu maraqların təhlükədə olduğu görünən ölkənin sifarişlərini yerinə yetirirlər. Bölgədə Şuşa Bəyannaməsini təhdidlə qarşılayan, bu sənədlə özlərinin bölgəyə təsir rıçaqlarını itirə biləcəklərini ehtimal edənlər indi bölgəni yenidən qarışdırmağa çalışırlar. Hələlik bu cəhdlər irimiqyaslı deyil və Azərbaycan bu cəhdlərə adekvat cavab vermir, təmkin nümayiş etdirir. Ancaq Azərbaycanın da səbri bir yerə qədərdir”.

Q. Hüseynlinin ehtimalına görə, elə bir məqam gələcək ki, bölgənin sanballı ölkəsi olan Azərbaycanın strateji maraqlarına qarşı hərəkət edən qüvvələrə Azərbaycan Ordusu, eləcədə müttəfiqimiz Türkiyə və mümkündür ki, Pakistan layiqli cavab vermək nəcburiyyətində qalacaqlar.

Politoloq bildirib ki, Rusiyanın bir sıra təhlilçiləri Azərbaycanı Rusiya üçün itirilmiş ölkə hesab edirlər. Bunun məsuliyyətini də Rusiyanın üzərinə qoyurlar. Məsələn, Şevçenko geniş material yayaraq açıq deyib ki, Rusiya Azərbaycanı itirdi və bunun səbəbini Rusiya uzun müddət ermənipərəst siyasət yürütməsində, Azərbaycanın ən sadə maraqlarına qarşı çıxmasında axtarıb tapmaq lazımdır. Q. Hüseynli əlavə edib ki, Azərbaycanla bağlı həqiqəti görən rus təhlilçilər Rusiyanın Ermənipərəst mövqeyi səbəbindən Azərbaycanla münasibətlərin səviyyəsinin aşağı düşdüyünü qeyd edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər