Sülhəddin Əkbər: “Qarabağda və sərhəddə baş verənlərə görə məsuliyyəti Rusiya daşıyır”
Tarix: 15-07-2021 15:50 | Bölmə: Slayd
Sülhəddin Əkbər: “Qarabağda və sərhəddə baş verənlərə görə məsuliyyəti Rusiya daşıyır”

“Ermənistan və hələlik bizim nəzarətimizdə olmayan ərazilərimiz Rusiyanın nəzarəti altındadır. Bu ərazilərdə baş verənlərə ilk növbədə rəsmi və qeyri-rəsmi cavabdehliyi Rusiya daşıyır. Həm Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlərin xarakterinə, həm də Rusiyanın hələlik bizim nəzarətdən kənar ərazilərdə daşıdığı məsuliyyətə görə. İstənilən halda məsuliyyət daşıyan Rusiyadır”.

Bu sözləri Reyting.az-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər son günlər Ermənistan-Azərbaycan dövlət sərhəddi istiqamətində, eləcədə Rusiya sülhməramlıların məsuliyyət zonasına aid olan ərazilərdən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasını şərh edərkən deyib.

S. Əkbər hesab edir ki, Azərbaycan ərazilərinin atəşə tutulmasında Ermənistandakı daxili təsirlərin və digər xarici amillərin rolu olsa da, ən başlıcası Rusiyadır: “Deməli, Rusiya yaranan durumdan və onun inkişaf perspektivindən narazıdır. Bu yolla da öz narazılığını ifadə edir. Qısası, atan kazaklardır”.

S. Əkbər əlavə edib ki, Azərbaycan bəzi istiqamətlərdə aktivləşməlidir: “Azərbaycan aktiv hücum diplomatiyasına keçməlidir. Xüsusilə, Rusiyaya yönəlik siyasətdə.

Birincisi, üçtərəfli bəyanatın bir çox maddəsi yerinə yetirilməyib. Məsuliyyəti Rusiya daşıyır.

İkincisi, atəşkəs pozulur və buna görə də məsuliyyət Rusiyanın üzərinə düşür.

Üçüncüsü, “sülhməramlı missiya” səlahiyyət həddini aşır. Bunlar uzun müddətdir davam edir, son zamanlar artan xətt üzrə gedir”.

Partiya sədrinin sözlərinə görə, əslində gözləmək olardı ki, Ermənistanda seçkilərdən sonra vəziyyət normallaşmaya doğru gedir: “Bunun tərsini görmürük. Məncə, burada əsas səbəb Ermənistandan deyil, Rusiyadan qaynaqlanır. Ola bilsin ki, Azərbaycanın mövqeyi, ələlxüsus da Türkiyə ilə keyfiyyətcə əməkdaşlığı ən yüksək səviyyəyə qaldırması Rusiyada narahatlıq yaradır. Eyni zamanda Azərbaycanın prosesə ABŞ-ı cəlb etmək istəyindən qaynaqlanır”.

S. Əkbərin fikrincə, Azərbaycan ilk növbədə daxili siyasi gücünü artırmalı, bunun üçün ölkə daxilində demokratik islahatlar aparmalıdır:

“İkincisi, ölkəmiz beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmalı və möhkəmlənməlidir. Bunun üçün Türkiyə ilə strateji əməkdaşlıq sazişinin imzalanması yetərli deyil. Bunun içi doldurulmalıdır. Başda hərbi ittifaq daxil olmaqla. Eyni zamanda Pakistanla strateji tərəfdaşlıq sazişi imzalanmalıdır.

Üçüncüsü, İsraillə strateji əməkdaşlıq sazişi imzalanmalı, Təl-Əvivdə Azərbaycan səfirliyi açılmalıdır. Həmçinin Böyük Britaniya ilə strateji tərəfdaşlıq sənədi imzalanmalı, münasibətlər yeni mərhələyə qaldırılmalıdır. Digər tərəfdən, ABŞ-la yaxınlaşmalı, Avropa Birliyi ilə əlaqələr gücləndirilməli, NATO ilə əməkdaşlıq dərinləşdirilməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}