Deputat: “Dağlıq Qarabağ adlı ərazi vahidi artıq yoxdur, ola da bilməz”
Tarix: 16-07-2021 14:17 | Bölmə: Slayd
Deputat: “Dağlıq Qarabağ adlı ərazi vahidi artıq yoxdur, ola da bilməz”

“Cənab İlham Əliyevə kimi hər hansı prezident Zəngəzurun, İrəvanın və Göyçənin tarixi Azərbaycan torpaqları olduğunu deməyib. Azərbaycan prezidentinin bu mövqeyi əslində tarixi məsələdir, xüsusi əhəmiyyətə malikdir və çox ciddi mesajdır”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Onun sözlərinə görə, ikinci mühüm məsələ ondan ibarətdir ki, iyulun 7-də verilən fərmanla Qarabağ iqtisadi rayonu yaradılıb və bura Xankəndi, Xocavənd, Xocalı rayonları da daxil edilib: “Bununla da göstərilib ki, Azərbaycan dövlətinin və prezidentinin strategiyası Xankəndi və digər ərazilərin Azərbaycana məxsusluğuna yönəlib və hüquqi məsələlərin həllində də nəzərdə tutulub”.

T. Kərimli əlavə edib ki, prezidentin çıxışında deyilənlər əslində Ermənistana ərazi iddiası deyil, sadəcə, bu ərazilərin tarixi Azərbaycan torpağı olmasını yada salmaqdır:

“Bəli, biz o torpaqlara qayıdacağıq. Amma iddia etmirik ki, oranı müharibə ilə alacağıq. Bizim dədə-babalarımız o ərazilərdə yaşayıblar və biz də həmin ərazilərə qayıdıb, orada yaşamalıyıq. Zəngəzur dəhlizinin açılması və digər tədbirlər bu işə kömək edəcək”.

Deputat qeyd edib ki, bu istiqamətdə dövlət siyasəti hiss edilir: “Qarabağ iqtisadi rayonunun yaradılması ilə Dağlıq Qarabağ ifadəsi nəinki öz əhəmiyyətini itirir, hətta bu ərazinin hər hansı bir statusunun olmayacağı önə çıxır. Bəli, Dağlıq Qarabağ adlı ərazi vahidi artıq yoxdur, ola da bilməz. Mən prezidentin bu yanaşmasını müsbət qiymətləndirirəm. Dağlıq Qarabağdan söhbət belə gedə bilməz. Qarabağ vahiddir, bizim tarixi torpağımızdır, bizə məxsusdur. Bu baxımdan prezidentin son çıxışını həm beynəlxalq ictimaiyyətə, həm də Azərbaycan xalqına mesaj sayıram. Fikrimcə, prezidentin bu mövqeyindən hər kəs nəticə çıxarmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}