Nikol Paşinyana sui-qəsd təhlükəsi yaranıb
Tarix: 07-08-2021 13:33 | Bölmə: Slayd
Nikol Paşinyana sui-qəsd təhlükəsi yaranıb

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində ona mümkün sui-qəsdin qarşısını almaq üçün tədbirlər görməyə başlayıb. Reyting.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Ermənistan parlamentində media üçün nəzərdə tutulan məhdudiyyətlər də sərtləşdirilib. Bu məhdudiyyətlər sırasında deputatın kabinetinə daxil olmaq üçün jurnalistlərdən xüsusi buraxılış vərəqəsi də tələb olunacaq. Deputatla görüş günü jurnalistə belə buraxılış vərəqələrinin verilməsi qadağandır.

Erməni mətbuatı yazır ki, yeni seçilən deputatlara qadağalar haqqında bu gün məlumat verilib.

Sentyabr ayından etibarən Ermənistan parlamentinin rəhbərliyi binanın inzibati girişində jurnalistlər üçün bir otaq ayıracaq ki, burada media nümayəndələri sərbəst hərəkət edə, müsahibələr ala bilsinlər.

Bundan başqa, digər təhlükəsizlik tədbirlərinin görülməsi də nəzərdə tutulur. Xüsusilə, parlamentin foyesində yoxlama məntəqələri quraşdırılacaq və deputatların görüş otağına girmələrinə imkan verəcək xüsusi fərdiləşdirilmiş “çip”lərdən istifadə ediləcək.

“Hraparak” qəzeti bildirir ki, Ermənistan Təhlükəsizlik Xidməti Baş nazir Nikol Paşinyana terror təhlükəsi ilə bağlı məlumat alıb və bunun qarşısını almaq üçün belə tədbirlər görülür.

Reyting.az xatırladır ki, Ermənistan parlamentinə hücum və siyasi qətillərin törədilməsi ənənəsi mövcuddur. Məsələn, 1999-cu ilin 27 oktyabrında Nairi Humanyanın başçılığı ilə 5 silahlı şəxs erməni parlamentinə daxil olaraq parlamentin iclası zamanı siyasi qətliam törədib. Bu zaman ölkə rəhbərliyində de-fakto qərar qəbul edən şəxs sayılan Baş nazir Vazgen Sarkisyan və parlamentin sədri Karen Dəmirçyan da daxil olmaqla 8 nəfər öldürülüb. Halbuki Sarkisyan və Dəmirçyanın islahata meylli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərində səs çoxluğu ilə qələbə qazanmış və faktiki olaraq Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı. O zaman silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb olmuşdu. Görünən odur ki, Nikol Paşinyan özündən əvvəlkilərin aqibətindən nəticə çıxarmağa çalışır.




Bölməyə aid digər xəbərlər