Eldar Həsənovun səhhəti yenidən ağırlaşıb
Tarix: 09-08-2021 11:49 | Bölmə: Slayd
Eldar Həsənovun səhhəti yenidən ağırlaşıb

Hazırda həbsdə olan sabiq baş prokuror Eldar Həsənovun sağlıq durumu yenidən ağırlaşıb.

Reyting.az
 xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov sosial şəbəkədəki hesabında yazıb.

Onun sözlərinə görə, 8 avqust 2021-ci il tarixdə səhər saatlarında Eldar Həsənov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicələnmə nəticəsində huşunu itirib və üzü üstə yerə yıxılıb.

Bunun nəticəsində bədənində təhlükəli olmayan zədələr yaranıb, xoşbəxtlikdən başından hər hansı zədə almayıb. Tibbi yardım göstərilsə də başgicələnmələr 15-20 dəqiqə ərzində dayanmayıb və həkimlər bunun həyəcanverici siqnal olduğunu bildiriblər.

Vəkil əlavə edib ki, həmin gün saat 11:30 radələrində E. Həsənov onunla və müstəntiqlə görüşə artıq əlil arabasında gətirilib: "Özünün bildirdiyinə görə həkimlər ona bu vəziyyətdə sərbəst (hətta çəliklə belə) hərəkət etməyi israrla qadağan edirlər.

Bax beləcə, vaxtında tibbi yardım göstərilməməsinə görə insanın bu duruma salınmasının şahidi olduq.

Baş prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbsiz davam etdirilməsi üçün yeni vəsatət ünvanladıq.

Çox ümid edirəm ki, heç olmasa bu müraciətə müsbət yanaşılacaq və növbəti dəfə “Eldar Həsənovu artıq itirdik” xəbəri yaymayacağıq.

Heç bir şişirtmə olmadan bildirirəm ki, hər şey ona doğru gedir".




Bölməyə aid digər xəbərlər