13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Gələn il ölkədə ciddi qiymət artımı olacaq
Tarix: 16-12-2017 10:44 | Bölmə: Slayd
Gələn il ölkədə ciddi qiymət artımı olacaq

İqtisadçı alim deyir ki, inhisarçılıq, hazırki vergi, rüsum və monetar siyasət qiymət artımını qaçılmaz edir

Bit neçə gün öncə Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 0,25% - 1,25% səviyyəsindən 1,50%-dək artırdı. FED-in bu qərarının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə əhali arasında narahatlığa səbəb olub. Hətta yeni ilə kimi manatın dollara nisbətdə xeyli ucuzlaşacağını iddia edənlər də var. Bunun ardınca isə ölkədə bütün sahələr üzrə qiymət artımının olacağı gözlənilir.

Gələn il ölkədə ciddi qiymət artımı olacaq

İqtisadçı alim Teyyub Əliyev Reyting.az-a deyib ki, hökumətin vergi və rüsum siyasəti, Mərkəzi Bankın monetar siyasəti davam etdikcə, inhisarçılığın qarşısına sədd çəkilmədikcə, məmurların biznes fəaliyyəti ilə məşğul olmalarına real qadağa qoyulmayınca ölkədə qiymət artımı davam edəcək.

T.Əliyevin qənaətincə, bu artım əsasən gündəlik tələbat mallarının qiymətlərinə təsir göstərəcək:

“Məlumdur ki, minik maşınlarının alıcıları əsasən kiçik, orta (uçüz maşın alıcıları) sahibkarlar və iri bizneslə məşğul olanlardır. Onların bu sahədə qiymət artımını istehlakçıların üzərinə atacaqları qaçılmazdır.

Hökumət 2017-ci ildə inflyasiya səviyyəsinin 14.0 faiz çivarında olduğunu rəsmən bəyan edib. Əslində inflyasiyanın faktiki səviyyəsi daha yüksəkdir.

2018-ci il - prezident seçkiləri ili olmasına baxmayaraq, inflyasiya səviyyəsini daha yüksək proqnozlaşdırmaq olar”.

İqtisadçı alim bildirib ki, FED-nin dolların uçot dərəcəsini qaldırması da - ölkəmizin idxaldan asılılığı nəzərə alınarsa - qiymət artımına mütləq təsir göstərəcək:

“Mərkəzi Bankın mərkəzləşdirilmiş uçot dərəcəsini 15.0 faiz səviyyəsində saxlaması, Maliyyə Bazarlarına Nəzarət Palatasının nağdılaşdırılan pul həddinə qoyduğu sədd ölkədə sahikarlığın inkişafına ciddi maneədir. Bu, ölkəmizin iqtisadi inkişafına mənfi təsir göstərməklə idxaldan asılılığımızı artıra bilər”.

Müsahibimiz nəzərə çatdırıb ki, hökumət yaranmış vəziyyətdən çıxmaq üçün rüsumları, vergiləri artırmaq əvəzinə onları aşağı salmaqla vergi ödəyicilərinin sayını artırmaq yolu seçsəydi daha məqsədəuyğun olardı. “Bununla yanaşı, Mərkəzi Bankın mərkəzləşdirilmiş uçot dərəcəsini ən azı 5.0 faziz səviyyəsinə endirmək, Maliyyə Bazarlarına Nəzarət Palatasının nağdılaşdırılan pul həddinə qoyduğu səddi ləğv etmək lazımdır. Nəhayət, bank sektorunun sağlamlaşdırılması, vaxtı keçmiş, problemli kreditlərlə bağlı ədalətli (indiki kimi təkcə bankların xeyirinə yox) qərarların qəbul edilməsinə ehtiyac var. Bank faizlərinin aşağı salınmasına istiqamətlənmiş real maliyyə-kredit siyasəti həyata keçirilməlidir. Əks təqdirdə problemlər qarşısıalınmaz istiqamətə yönələ bilər”, - deyə ekspert əlavə edib.

Bütün bunların fonunda ölkədə narazılıqların artmasına gəlincə, “Bu narazılıq var və günü-gündən artır. Ancaq deyəsən, hökumət bunun fərqində deyil. Nəyə arxayın olduqlarını yəqin özləri bilirlər. Xalqımız dözümlü, savadlı xalqdır, ətrafımızda baş verən hadisələri diqqətlə izləyir və hər şeyə rəğmən dözümlük nümayiş etdirir. İnşallah, bu dözümlülük davam edəcək və qırmızı səddi keçməyəcək. Hökumət də gərək bunu nəzərə alsın”, - deyə T.Əliyev fikrini tamamlayıb.

Gələn il ölkədə ciddi qiymət artımı olacaq

Millət vəkili Vahid Əhmədov isə ölkədəki bahalaşmadan danışarkən qeyd edib ki, Azərbaycanda subyektiv qiymətlərdə artım var:

"Bazar-dükanlarda qiymətlər əvvəlki kimidir,- deyə bilmərəm. Yeni il qabağı qiymətlər daha da artıb. Lakin biri var obyektiv qiymət, biri də var subyektiv. Subyektiv qiymətlər Azərbaycanda çoxalıb. Sahibkarlar sui-istifadə edirlər. Deyirlər ki, biz məhsulu xaricdən idxal edirik, müəyyən komponentləri xaricdən gətiririk, ona görə qiymətləri bahalaşdırırıq. Amma düşünürəm ki, onlar bu amildən sui-istifadə edirlər”.

V. Əhmədov vurğulayıb ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qiymət artımının qarşısını almaq üçün müəyyən işlər görür: “Mütəmadi olaraq müəyyən monitorinqlər həyata keçirir, çalışır ki, qiymətlər obyektiv olsun. Amma qiymətlərə nəzarət etmək üçün bəzi dəyişikliklər olmalıdır. Qiymətlər qalxanda vergidə müəyyən dəyişikliklər aparılmalı, rüsumlarda dəyişiklik olmalıdır. Bizdə isə bu siyasət yoxdur. Yəqin ki, Strateji Yol Xəritəsində bunlar öz əksini tapıb, həyata keçiriləcək”.

Deputat yeni il öncəsi metroda qiymətlərin qalxacağı ilə bağlı şayiələrə də son qoyub:

"Metroda bu ilin sonuna kimi qiymətin qalxacağına inanmıram. Amma ola bilər ki, təzə ildən qiymət artımı baş verin. Çünki metropoliten zərərlə işləyən qurumdur. Orada da müəyyən problemlər var. Dövlət büdcəsindən dotasiya alır. Fikir verirsinizsə, rayonlar belə, dövlət büdcəsindən çıxarılır ki, özləri maliyyələşsin. Strategiya belədir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar ya özəlləşdirilsin, ya da özləri özlərini maliyyələşdirsin”.

Reyting.az




Bölməyə aid digər xəbərlər