13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Ərdoğandan sonra Putinin Qarabağa səfəri aktuallaşa bilər
Tarix: 27-10-2021 13:16 | Bölmə: Slayd
Ərdoğandan sonra Putinin Qarabağa səfəri aktuallaşa bilər

“Füzuli hava limanı beynəlxalq statusa malikdir. Bu o deməkdir ki, həmin hava limanı istənilən dövlətin rəsmi nümayəndə heyətini daşıyan təyyarəni qəbul etməyə hazırdır”.

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İkinci Qarabağ müharibəsindən sonra iki dəfə Qarabağa səfərini xatırladan E. Şahinoğlu bildirib ki, Türkiyədən sonra hansı dövlət rəhbərinin təyyarəsinin Füzuli hava limanına enərək Qarabağa səfər edəcəyi əsas sualdır:

“Cənubi Qafqaz bölgəsində iki dövlətin - Türkiyə və Rusiyanın ağırlığı var. Rusiya prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanın ardınca Qarabağa gəlişi mümkündürmü?

44 gündən sonra İkinci Qarabağ savaşını durduran Rusiya prezidenti Vladimir Putin oldu. Məhz onun səyləri nəticəsində noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında məlum bəyanat imzalandı. İki ay sonra liderlər arasında Moskvada ikinci bəyanat imzalandı. Bununla bərabər 3 ölkənin baş nazirlərinin müavinləri səviyyəsində təmas qrupu formalaşdırılaraq il ərzində Moskvada bir neçə dəfə görüşdülər. Digər tərəfdən, Rusiya sülhməramlılarının Qarabağda varlığı da Rusiyanın Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olduğuna dəlalət edir. Putin Azərbaycanla Ermənistan arasında sərhəddin müəyyənləşdirilməsi məqsədilə aparılacaq danışıqlarda da tək vasitəçinin Rusiya olacağını vurğulayıb”.

E. Şahinoğlunun fikrincə, Rusiyanın xeyrinə olan bütün amilləri nəzərə alaraq Kreml sahibinin gələcəkdə Qarabağa səfəri aktuallaşa bilər:

“Putin iki dəfə Qarabağa səfər edən türkiyəli həmkarı Ərdoğandan geri qalmaq istəməz. Ancaq Putinin hazırki şərtlər daxilində Qarabağa səfəri Azərbaycanın maraqlarına cavab vermir. Çünki Putinin təyyarəsi Qarabağa endikdən, İlham Əliyevlə görüşüb fikir mübadiləsi apardıqdan sonra “neytrallığını” qorumaq məqsədilə Xankəndiyə gedərək erməni separatçılarının liderilə də görüşəcək. Belə bir görüşü Azərbaycan heç bir halda qəbul edə bilməz. Putinin Şuşayla yanaşı Xankəndiyə gəlişinin Azərbaycana zərəri faydasından çoxdur. Ona görə də Azərbaycan Qarabağa tam nəzarəti həyata keçirmədən və bölgədəki erməniləri tərki-silah etmədən Kreml sahibinin Qarabağa gəlişinə ehtiyac yoxdur. Putinin özü də anlayır ki, hazırki şərtlər daxilində Qarabağa gəlib Şuşayla yanaşı Xankəndiyə getsə, bu, Azərbaycan-Rusiya münasibətlərində gərginliyə səbəb olacaq. Putinin yalnız Şuşanı, Füzulini və Zəngilanı ziyarəti isə erməniləri narazı salacaq. Putin erməniləri də narazı salmaq istəməz. Ona görə də Rusiya prezidentinin Qarabağa səfərindən əvvəl Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalı, sərhədlər müəyyənləşməli və Zəngəzur dəhlizi açılmalıdır”.

E. Şahinoğlu əlavə edib ki, başqa dövlət rəsmilərinin də Füzuli hava limanı üzərindən Qarabağa gəlişi mümkündür. Bu sırada Azərbaycana dost dövlətlər - Pakistan, Ukrayna, Gürcüstan və Macarıstandır. Bu ölkələrin rəsmi nümayəndə heyətinin tanışlıq məqsədilə Qarabağa səfər etmələri mümkündür.

Politoloq diqqətə çatdırıb ki, Şuşa tam bərpa olunduqdan sonra bu şəhərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısının keçirilməsini də mümkün hesab edir.




Bölməyə aid digər xəbərlər