13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Əksər ölkələr Zəngəzur dəhlizinin açılmasında maraqlıdır
Tarix: 27-10-2021 14:17 | Bölmə: Slayd
Əksər ölkələr Zəngəzur dəhlizinin açılmasında maraqlıdır

“Dünən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilan rayonlarına səfərini bütün dünya müşahidə etdi. Səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması isə tarixi əhəmiyyətə malikdir. Bunun Zəngəzur dəhlizinin inşaası baxımından böyük əhəmiyyəti var. Bununla da Azərbaycan dəhlizin açılmasında, münasibətlərin formalaşmasında, iqtisadiyyatın canlanmasında maraqlı olduğunu ortaya qoydu. Türkiyə isə bu prosesə dəstək verdiyini göstərdi. Sözsüz ki, Zəngəzur dəhlizi təkcə siyasi deyil, həm də iqtisadi baxımından xüsusi əhəmiyyətə malik olacaq. Bu mənada dünən baş verənlər tarixi hadisə idi”.

Bu fikirləri Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə dünən təməli qoyulan Zəngəzur dəhlizi-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu haqqında danışarkən bildirib.

Partiya sədri qeyd edib ki, Zəngəzir dəhlizinin açılması Bakıdan İstanbula avtomobil və dəmir yolu dəhlizinin yaradılmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, ümumilikdə Zəngəzur dəhlizinin regionda kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində rolu böyük olacaq, bütün iştirakçı ölkələr bundan faydalanacaqlar.

A. Əlizadə əlavə edib ki, Azərbaycan bu dəhlizdən istifadə etməklə Türkiyə ilə əlaqələrini daha da artıracaq: “Nəticədə iki qardaş ölkə arasında iqtisadi münasibətlər daha da genişlənəcək. Eyni zamanda bu dəhliz vasitəsilə çoxlu yük daşınacaq. Yəni Türkiyə üzərindən Avropaya. Əslində bu dəhlizdən bütün maraqlı ölkələr istifadə edə biləcək. Çünki bu dəhliz vasitəsilə mallar zaman baxımından lazım olan ünvanlara daha tez çatdırılacaq. Odur ki, bu işə mane olmağa ehtiyac yoxdur”.

ASDP sədrinin fikrincə, ola bilsin ki, dəhlizin açılması müəyyən qədər vaxt aparsın: “Əksər oyunçular dəhlizin açılmasında maraqlıdırlar. Amma İrandan çox ermənilər bu yolun açılmasından narahatlıq keçirir. Bunun da əsası yoxdur. Nikol Paşinyan elan etdi ki, dəhlizin açılmasında maraqlıdırlar. Əslində o, bunun əleyhinə gedə bilməz. Nəzərə almaq lazımdır ki, dəhlizin açılması Rusiyaya da sərf edir”.

A. Əlizadə qeyd edib ki, ən vacib olanı dəhlizin işlək vəziyyətə gətirilməsidir: “Ciddi və özünə hörmət edən ölkələr bunu istəyir. Mənə elə gəlir ki, dəhliz açılacaq, sadəcə, zaman məsələsi var. Dəhlizin bir parçası olan Azərbaycan isə bu məsələdə də üzərinə düşəni layiqincə yerinə yetirir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər