13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Ərdoğan-Bayden görüşü: problemlər həllini tapacaqmı?
Tarix: 27-10-2021 16:35 | Bölmə: Slayd
Ərdoğan-Bayden görüşü: problemlər həllini tapacaqmı?

“Türkiyə-ABŞ münasibətləri kifayət qədər gərgindir. Bunun son nümunələrindən biri ABŞ səfiri də daxil olmaqla 10 dövlətin elçisinin Osman Kavala məsələsinə dair bəyanatıdır. Bu, Türkiyə dövləti tərəfindən sərt qarşılandı”.

Bunu Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov yaxın günlərdə G-20 çərçivəsində Romada baş tutacaq Ərdoğan-Bayden görüşünü şərh edərkən deyib.

O. Qasımov bildirib ki, C. Bayden hakimiyyətə gəldikdən sonra ABŞ-Türkiyə münasibətləri getdikcə daha da gərginləşir.

Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin pisləşməsinin səbəblərindən biri demokratların hakimiyyətə gəldiyi ABŞ tərəfindən insan haqları məsələsinin qabardılmasıdır: “Bayden hökuməti insan haqlarından sanki təzyiq vasitəsi kimi yararlanır və bu məsələdə prinsipial mövqe tutduqlarını görmürük.

İkincisi məsələ Türkiyənin müstəqil siyasət aparmasının ABŞ tərəfindən xoş qarşılanmamasıdır. Halbuki Türkiyə dövlət maraqlarını ardıcıl şəkildə müdafiə edir. Bu da Vaşinqtonda narahatlıq yaradır.

Poblem yaradan üçüncü səbəb ABŞ-ın Suriya və İraqda PKK/YPG-yə dəstək verməsidir. Ankara terrorçulara dəstəyin dayandırılmasını tələb edir. Çünki bu, Türkiyə dövlətinin təhlükəsizliyinə təhdid yaradır. Amma Türkiyənin terrorçularla əməkdaşlığın dayandırılması tələbinə əməl olunmur və ABŞ-ın dəstəyi ilə Şimali Suriyada təxminən 70 minə yaxın silahlı şəxsə təlim keçirilib, silah-sursatla təmin ediliblər.

Dördüncü məsələ Türkiyənin Şəqi Aralıq dənizində - öz dəniz sularında geoloji kəşfiyyat işləridir. Ümumiyyətlə, Ankaranın Şərqi Aralıq siyasəti ABŞ tərəfindən dəstəklənmir. Vaşinqton buna mane olmağa çalışır. Bu da Türkiyəni qıcıqlandırır”.

O. Qasımov əlavə edib ki, ABŞ-ın Yunanıstan ərazisində öz hərbi bazasını qurması və Afinanı dəstəkləməsi, Türkiyəni “F-35” layihəsindən kənarlaşdırmaqla yanaşı Afinaya “F-35” qırıcılarının satılmasına dair anlaşmalar münasibətləri kifayət qədər gərginləşdirir:

“Nəhayət, Türkiyədə 2016-cı ilin yayında baş verən dövlət çevrilişi cəhdindən sonra Ankara israrla FETÖ lideri Fətullah Güləni tələb edir. ABŞ isə bu tələbi görməzdən gələrək münasibətlərə zərər verir”.

Siyasi şərhçi xatırladıb ki, bir ay əvvəl prezident Ərdoğan Nyu-York səfərindən qayıdarkən ABŞ-Türkiyə münasibətlərinin gərgin olmasına dair açıqlama verib.

O. Qasımov diqqətə çatdırıb ki, Romada bir araya gələcək Ərdoğan Baydenlə bir sıra məsələləri müzakirə edəcək: “Amma mən irəliləyiş əldə olunacağını gözləmirəm. Çünki ABŞ-ın bölgədə apardığı siyasət Türkiyənin siyasətinə ziddir. Bura Suriyadan başlamış Cənubi Qafqazda gedən proseslər də daxildir. Bu mənada Vaşinqton və Ankara arasındakı problemlərin qısa zaman kəsiyində həll olunacağını düşünmürəm. Tərəflər fərqli maraqlardan çıxış edirlər. Məsələn, ABŞ-ın Qarabağla bağlı mövqeyi ilə Türkiyənin mövqeyi daban-dabana ziddir. Bir ay əvvəl ABŞ dövlət katibi Ermənistana ünvanladığı məktubunda Qarabağ, status və digər məsələlərə dair mövqe bildirib və əlavə edib ki, onların mövqeyi İrəvandakı səfir vasitəsilə ifadə olunur. Bu mövqeyin də nədən ibarət olduğunu cəmiyyətimiz yaxşı bilir”.

Müsahibimiz əlavə edib ki, münasibətlərin qaydaya salınması üçün ABŞ addımlar atmalı, NATO-da ən güclü müttəfiqi olan Türkiyə ilə münasibətləri dürüst qurmalıdır: “Başqa sözlə, Türkiyənin maraqları və istəklərini qəbul etməlidir. Türkiyə müstəqil siyasət yürütməkdə davam edəcək. Türkiyə regional oyunçu kimi maraqlarının və rolunun qəbul edilməsini istəyir. Bu da anlaşılandır. Xüsusilə, ABŞ artıq dünyada yeganə supergüc olma əhəmiyyətini getdikcə itirdiyi dövrdə Türkiyə kimi müttəfiqi özündən incik salmamalıdır. Bütün bunları nəzərə alaraq Bayden və Ərdoğan arasında Romada görüşün olmasını müsbət qiymətləndirməyimə baxmayaraq, ABŞ-ın apardığı siyasətin Türkiyə ilə problemlərin həllinə mane olacağına işarədir. Bu mənada görüşdə ciddi irəliləyişlərin əldə ediləcəyini gözləmirəm. Amma təmasların olması, problemlərin müzakirəsi müsbət hadisədir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər