13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Deputat: “Ərzaq məhsulları çox bahalaşıb, belə getsə...”
Tarix: 29-10-2021 12:33 | Bölmə: Slayd
Deputat: “Ərzaq məhsulları çox bahalaşıb, belə getsə...”

“Təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması əhalinin sosial həyatına ciddi təsir edib. Qərarın mürəkkəbi qurumamış marketlərdə qiymətlər də artıb. Açığı, sahibkarların düz edib-etmədiklərini bilmirəm. Amma bu şəkildə artım məntiqli ola bilməz. Ərzaq məhsulları çox bahalaşıb, belə getsə, müavinətlər 100 faiz də qalxsa, zənbillər dolmayacaq”.

Reyting.az
xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Razi Nurullayev deyib.

Deputat əlavə edib ki, dövlət başçısının pensiya, əməkhaqqı və müavinətlərin gələn ildən artırılması ilə bağlı sərəncamını yüksək qiymətləndirir, həssas qruplar üçün əlverişli olan bu sərəncamı alqışlayır.

R. Nurullayev qeyd edib ki, gəlin baxaq, görək daha hansı addımlar atmalıyıq ki, əhalinin sosial yükünü azalsın: “Axı, həm də bu, parlamentin vəzifəsidir.

Birincisi, elektrik enerjisi və təbii qaz sərfiyyatını azaltmaq üçün bütün ölkə boyu mərkəzi istilik sistemi bərpa edilməlidir və görək “Azəristiliktəchizat” bunun öhdəsindən gəlirmi? Xeyr. Bir var, bir qazanxana işləyə və min ailəni təmin edə, bir də var, min ailə min kombi, “ceyran” sobası işlədə və min dəfə çox qaz sərf edə. Aldığı müavinəti də bütövlükdə aparıb qaza, işığa verə.

Yeni binalar niyə ancaq kombi ilə qızdırılsın? Qoy dövlət qazanxana tikib iş adamına istiliyi satsın və xaos da aradan qaldırılsın.

Fərdi evlər də xaotik və biabırçı vəziyyətdə tikilib. Amma kiməsə deyə bilmərik ki, get, soyuqdan don. O evlərin biri də rüşvətsiz tikilməyib, vətəndaşın bu məsələdə məsuliyyəti sıfırdır. Onlar üçün də mərkəzi qazanxanalar qurulmasını təklif edirəm ki, sərfiyyatı optimallaşdıraq, həm də enerji daşıyıcılarının qiymətinin artması onların büdcəsinə az təsir etsin.

İkincisi, “Azəristiliktəchizat”ı dəvət edək və sual verək ki, bu onillikdə nə iş görüblər? Mənim onlara ciddi suallarım var və yəqin ki, həmkarlarımın da həmçinin.

Üçüncüsü, təklif edirəm ki, parlamentdə “Hökumət saatı” müəyyənləşdirək və hər həftə bir nazirlik, komitə burada suallarımızı cavablandırsın. Mən əminəm ki, bu məsələlərdə parlamentin rolu nəinki artırılmalı, həm də mütləq olmasına zərurət yaranıb. Deputatın işi yalnız hazır qanun layihələrini müzakirəyə çıxarıb, dəyişikliyi qəbul etmək deyil. Biz hər həftə həm komitələr, həm də plenum iclası səviyyəsində hökumətlə təmas yaratmalıyıq. Hökumət üzvləri müntəzəm olaraq parlamentə hesabat verməlidir, hesabatı isə az qala biz veririk”.




Bölməyə aid digər xəbərlər