13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Qarabağda yeni hərbi qarşıdurmaya səbəb nədir? - Deputat şərh edir
Tarix: 16-11-2021 18:49 | Bölmə: Slayd
Qarabağda yeni hərbi qarşıdurmaya səbəb nədir? - Deputat şərh edir

“Qarabağda yenə gərginlik artıb, atışma başlayıb. Məlumatlara görə, erməni tərəfindən ölənlər çoxdur, biz tərəfdən yaralılar var. Mənə elə gəlir ki, bu gərginliyin arxasında daha çox erməni hərbi rəhbərliyi arasındakı çəkişmələr dayanır”.

Bu sözləri Reyting.az-a Ermənistan-Azərbaycan sərhədində erməni təxribatları nəticəsində bu gün müşahidə olunan lokal hərbi qarşıdurmalardan danışarkən deputat Rasim Musabəyov deyib.

R. Musabəyov xatırladıb ki, Ermənistanın Müdafiə naziri Karapetyanla Baş Qərargah rəisi Davtyan arasında gərgin münasibət var idi: “Karapetyan zamanında kəşfiyyat idarəsinin rəhbəri vəzifəsində çalışırdı. Sonra onu işdən çıxardılar. Paşinyan da onu müşavir götürdü, sonra Baş Qərargaha müavin göndərdi. Hətta erməni mediası yazırdı ki, Baş Qərargah rəisi ilə müavini Karapetyan arasında əlbəyaxa dava olub. Nikol Paşinyan da Karapetyanı Baş Qərargah rəisinin başı üzərindən götürərək Müdafiə naziri təyin etdi. Gərginlik də qalırdı. O, ruslarla daha çox əlaqədə olan Müdafiə naziri idi. Karapetyan ruslarla yaxın idi və anlayırdı ki, zilə qalxmağın mənası yoxdur”.

R. Musabəyovun ehtimalına görə, ruslar Karapetyana deyib ki, zilə çıxmayın, əzilə bilərsiniz: “Mümkündür ki, bu səbəbdən erməni silahlı qüvvələri özünü normal aparırdı. Baş Qərargah rəisi Davtyan isə fərqli düşüncədə ola bilər. Hər halda onların arasında gərgin münasibətlər var idi. İndi Paşinyan Karapetyanı nazir postundan kənarlaşdırdı və yerinə 35 yaşlı cavan oğlanı təyin etdi. İstisna etmirəm ki, indi Qərargah rəisi özünü sərbəst hiss edərək deyib ki, qarşı tərəfə cavab verin və s. Bununla da gərginlik başlayıb. Düşünürəm ki, dəmir yumruq yenidən dəyəndə ağılları başlarına gələcək”.

Deputat bildirib ki, Ermənistan Rusiyadan kömək istəyir, ruslar kömək etməyəcəyi təqdirdə isə NATO-ya müraciət edəcəklər:

“NATO-ya müraciət edib nə qələt edəcəklər? ABŞ bəyəm bura özünün qırıcılarını göndərəcək? Yoxsa Fransa bura özünün xarici legionunu yollayacaq? Hiss olunur ki, Rusiyanın dəstəyinə ümidli deyillər”.

Müsahimiz əlavə edib ki, Karapetyan özünü nisbətən ehtiyatlı aparırdı: “Düşünürdü ki, ruslar ona “yerinizdə oturun”,- xəbərdarlığını ediblər. Amma onu da vəzifədən kənarlaşdırdılar. Görək bundan sonra nə olacaq. Hər halda hiss olunur ki, bizim onları yerində oturtmaq üçün həmin ərazidə kifayət qədər qüvvəmiz var”.

R. Musabəyov düşünmür ki, baş verən qarşıdurmalar geniş hərbi fazaya keçə bilər:

“Biz, Ermənistan ərazilərini işğal etmək niyyətində deyilik. Ermənilərin isə bizim ərazimizə soxularaq irəliləməsi üçün gücü yoxdur. Məncə, başlarına qapaz dəyəndən sonra özlərinə gələcəklər”.

Sülhməramlıların ortaya girməməsi məsələsinə gəldikdə, deputat deyib ki, gərginliyin müşahidə olunduğu ərazidə sülhməramlı yoxdur: “Bura dövlət sərhəddidir. Orada adətən rus sərhəd qoşunlarının nümayəndələri tərəflərə deyirlər ki, dayanın. Hələlik ruslar ortaya girmir. Zənnimcə, ruslar hesab edir ki, əgər erməni qanmırsa, bir-iki şapalaq alandan sonra özünə gələr”.

Deputat inanmır ki, Rusiya dərhal vasitəçilik təklif edəcək: “Ruslar deyir ki, ay adam, sərhədi müəyyən etmək lazımdır və bunun üçün danışıqlara getməlisən. Ermənilər də danışıqlardan boyun qaçırırlar. Boyun qaçırırsansa, təklifi anlamırsansa, düşünürsən ki, istədiyimi edəcəyəm, amma təhlükə yarananda gəl məni müdafiə et?.. Rus da deyir ki, bu qələti eləmə. Zamanında Lavrov onlara dedi ki, sülhə getmək lazımdır, ona qulaq asmadılar. Biz də onları əzəndə gördülər ki, Rusiyadan səs çıxmır...”.




Bölməyə aid digər xəbərlər