13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Hərbi ekspert: “Paşinyan səmimi deyil, amma məcburdur ki...”
Tarix: 18-11-2021 14:03 | Bölmə: Slayd
Hərbi ekspert: “Paşinyan səmimi deyil, amma məcburdur ki...”

“Siyasətdə səmimiyyət olmur. Biz anlayırıq ki, Paşinyan da səmimi deyil, amma məcburiyyət qarşısındadır. Son bir il ərzində bu məsələni uzada-uzada getdi və düşünürdü ki, hansısa formada bundan boyun qaçıra bilər. İndisə başa düşür ki, daha məsələni uzatmaq imkanı yoxdur. Deməli, çalışır ki, yeni nəsə əldə etsin. Səmimiyyətinə inanmamalıyıq, ancaq güc qarşısında da məcburdur ki, bizimlə razılaşsın”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamasını şərh edərkən deyib.

Xatırladaq ki, bu gün erməni hökumətinin iclasında Baş nazir N. Paşinyan Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyən edilməsinə dair Rusiya tərəfindən müəyyən təkliflər aldığını və bu təkliflər əsasında işləməyə hazır olduqlarını bildirib.

A. İsazadə isə ehtimal edir ki, Paşinyan minimum olaraq bu işin imitasiyasına başlayacaq: “Əslində bu gün heç imitasiya etmək də istəmirdi. İndi isə bunu nümayiş etdirməyə çalışır. Göstərmək istəyir ki, biz buna hazırıq və sülh tərəfdarıyıq. Amma bu, sadəcə imitasiya naminə atılacaq addımlar ola bilər.

Üstəlik, delimitasiya və demorkasiya prosesinin 10 illərlə davam etməsi təcrübəsi də var. Biz Rusiya ilə delimitasiyanı yenicə bitirmişik, Gürcüstanla proses gedir. Ermənilər də çalışacaq ki, bu məsələni maksimum uzatsınlar. Hər metrə qədər cığallıq etməyə cəhd göstərəcəklər. Amma onlar məcburdurlar ki, bu işlərə başlasınlar. Əks-təqdirdə törətdikləri hər təxribat zamanı daha çox itirməli olacaqlar”.

A. İsazadə qeyd edib ki, Azərbaycan bəlkə də bütün sərhədi delimitasiya etməyə tələsməyə bilər: “Bizim üçün mühüm odur ki, Kəlbəcərdən tutmuş Zəngilana qədər olan sərhəd delimitasiya olunsun. Çünki bu hissədə heç bir xətt yoxdur. Məsələn, Qazax-Tovuz istiqamətində razı olub-olmamağımızdan asılı olmayaraq, cəbhə xətti var. Çalışacağıq ki, sərhədin digər hissəsini delimitasiya edək. Halbuki bu hissənin delimitasiyasını gələn il də edə bilərik. Daha vacibi sərhəd olmayan yeri -Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan hissəsini tam delimitasiya edək ki, Qarabağ tam təhlükəsiz zonada, yəni sərhədin bizə tərəf hissəsində qalsın”.




Bölməyə aid digər xəbərlər