13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Sülhməramlı missiya Rusiyanın inhisarından çıxarıla bilər - Politoloq
Tarix: 22-11-2021 16:35 | Bölmə: Slayd
Sülhməramlı missiya Rusiyanın inhisarından çıxarıla bilər

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir. Avropanın bu məsələyə müdaxiləsini Azərbaycan diplomatiyasının uğuru da saymaq olar. Çünki bu günə qədər Qərb ölkələrində Azərbaycanı Qarabağ məsələsinə görə birmənalı qarşılamırdılar. İndi məcburiyyətdən birmənalı qarşılamağa başlayıblar”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev Avropa İttifaqının təşəbbüsü ilə dekabrın 15-nə planlaşdırılan Əliyev-Paşinyan görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, bütün müharibələrin sonu sülhlə bitir, Azərbaycan və Ermənistan arasında da sülh müqaviləsi bağlanmalıdır: “Bu müqavilədə Avropa standartlarının olması isə Azərbaycan üçün faydalıdır. Bir var, tam Rusiyanın nəzarəti olsun, bir də var, Avropa da burada iştirakçıya çevrilsin”.

Politoloqun fikrincə, bundan sonra sülhməramlılıq missiyası Rusiyanın inhisarından çıxarıla bilər. Yəni Brüssel danışıqlarından çox şey asılıdır: “Əgər hər şey ATƏT və Minsk Qrupu çərçivəsində həll edilirsə, onda burada ABŞ və Fransanın da əsgərləri olmalıdır. Sözsüz ki, Rusiya bunu istəməyəcək. Çünki danışıqların bu müstəviyə keçməsi Rusiyanın regiondakı mövqeyini zəiflədə bilər. Bu mənada Brüsseldəki danışıqların nəticəsindən çox şey asılıdır”.

C. Nuriyev əlavə edib ki, Ermənistanın Baş naziri N. Paşinyan peşəkar siyasətçi olmasa da, yaxşı məsləhətçiləri var: “Xüsusilə, ABŞ səfirliyi onun sahibidir. Açığı, mənim ümumən sülh müqaviləsinin bağlanacağına ümidim çoxdur. Əlbəttə, bu baxır Azərbaycan və Ermənistan arasında sərhədlərin hansı dövrün xəritələri əsasında müəyyən ediləcəyinə. Ən azı Azərbaycan 1992-ci ilin mart ayının 7-də BMT-yə hansı sərhəd ərazisi ilə daxil olubsa, bu qəbul edilməlidir. Fikrimcə, bu qəbul edildikdən sonra regionda sülhməramlıya da ehtiyac qalmayacaq. Bu baş versə, ərazi Azərbaycanın olduğu üçün burada heç üçtərəfli razılaşmanın da gücü qalmayacaq. Yəni Ermənistan Azərbaycanı BMT-yə daxil olduğu ərazilər çərçivəsində qəbul edərsə, bu halda başqa məsələlərə ehtiyac olmaz”.

Politoloq sonda qeyd edib ki, Brüsseldə müzakirə olunacaq məsələlər böyük maraq doğurur və bu görüşdən çox şey asılıdır. “Bütün hallarda bir məsələni əminliklə deyə bilərik ki, Azərbaycan prezidenti bu məsələlərdə daha peşəkardır. Yəni nə qəbul ediləcəksə, Azərbaycanın xeyrinə olacaq”, - deyə C. Nuriyev bildirib.




Bölməyə aid digər xəbərlər