13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Deputat: “Ad çəkə bilərəm ki, kimə neçə milyon rüşvət verilib”
Tarix: 23-11-2021 12:22 | Bölmə: Slayd
Deputat: “Ad çəkə bilərəm ki, kimə neçə milyon rüşvət verilib”

“Almaniyada, Amerikada, Yaponiyada iqtisadiyyatın aparıcı qüvvəsi sənaye məhsullarıdırsa, bizdə neftdən əlavə ən böyük drayver toylar və tikintidir. Toy bizim iqtisadiyyatımızın ana xətti olmasaydı, bu qədər şadlıq evləri tikilməzdi. Xoşumuza gəlməsə də, gerçəkliyimiz budur”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Razi Nurullayev deyib.

O, əlavə edib ki, ikinci drayver tikintidir:

“Tikinti az qala bütöv Azərbaycanı işlə təmin etmək iqtidarındadır və biz, birinci tikinti bumunda bunun şahidi olmuşuq. İndi isə tikintilər həddindən artıq çox zəifləyib”.

Deputat iş adamları və aidiyyatı təşkilatlarla söhbətinə uyğun olaraq diqqəti iki məsələyə çəkib: “Birinci məsələ, köçmək istəməyən bir və ya bir neçə vətəndaşa görə tikintilərin aylarla, bəzən illərlə gecikməsidir. Bir vətəndaş ayağını yerə dirəyib köçmək istəmir. Mənzilinin kvadratından dəfələrlə çox kvadrat istəyir və ya evini, mənzilini dəfələrlə baha dəyərləndirir. Mən hər zaman vətəndaşların yanında olmuşam, amma bu məsələ bir vətəndaşın ucbatından yüzlərlə vətəndaşa ziyan vurduğuna görə haqqı deməliyəm.

İş adamları bezir, vətəndaşlar bezir, iş yerləri bağlanır, digər sərmayəçilər də qorxub qaçır və başqa ölkələrdə tikirlər. Təklifim budur ki, qanuna uyğun dəyişiklik edək. Əgər sakinlərin 70 faizi köçürülmə və şərtlərlə razıdırsa, o zaman qalan 30 faizlə bağlı məsələ hüquqi müstəvidə 10 gün müddətində həllini tapsın. Parlamentin müvafiq komitəsinin sədrindən xahiş edirəm ki, bu məsələni komitə olaraq araşdırsın, çox yaxında biz dəyişiklikləri komitələrdə müzakirə edək və plenar iclasa çıxaraq. Bunu gecikdirmək olmaz. Bu səbəbdən on minlərlə iş yeri bağlanıb. Bu məsələdə vətəndaşların da maraqlarını insan hüquqları kontekstində daha yaxşı təmsil etmək üçün insan hüquqları komitəsinin üzvü kimi müzakirələrdə iştirak etməyə hazıram.

İkinci məsələ isə, Azərbaycan Respublikası Prezidentinin 1 Avqust 2018-ci il tarixli Fərmanı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsidir. Bu fərmanı yüksək qiymətləndirir və yaradılan nizam-intizamdan da razıyam. Hərçənd ki, Bakı çox eybəcər tikilib və həlli onilliklər çəkəcək digər problemlər yaradılıb. Hazırki problem budur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər havadan asılı qalıb. Çünki prezidentin yeni fərmanından sonra yeni standart və qaydalar var. Sənədlər isə köhnə normativlərə görə verilib və iş adamları da köhnə normativlərlə layihə təqdim edib və rüşvət də ödəyiblər. Ad çəkə bilərəm ki, kim, neçə milyonu kimə verib. İndi o adamlar vəzifədən alınıb. Amma, bu və digər səbəblərdən əlində qanuni sənədi olan iş adamları tikinti apara bilmir. İstəyim budur ki, bu məsələ ilə bağlı həll yolu tapılsın. Təklif edirəm ki, ədalətli həll yolu olaraq ortaq variant seçilsin. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklif etdiyi şərtlərlə Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər arasında bir ortaq məxrəc tapılsın”.




Bölməyə aid digər xəbərlər