13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Zahid Oruc: “25 min erməniyə xüsusi status istəmək Yeliseyin nəyinə gərəkdir?”
Tarix: 23-11-2021 12:35 | Bölmə: Slayd
Zahid Oruc: “25 min erməniyə xüsusi status istəmək Yeliseyin nəyinə gərəkdir?”

“Dünən Fransa səfiri Zakariya Qross Azad Ağdam torpağına səfər edib. Əlbəttə, gözlənilməz olsa da ehtirama layiq hadisədir. İyul ayında 100-dən artıq ölkənin diplomatik-siyasi təmsilçiləri Şuşanı ziyarətə gedəndə BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən, Fransa nümayəndəsinin kənarda qalması haqlı etiraz doğurdu, lakin dünənki addımı hamı alqışlayır. Yalnız Fransanın deyil, Amerikanın, Britaniyanın, Çinin də yüksək dövlət rəsmilərinin Ağdama, Zəngilandan Şuşayadək böyük torpaqlara ziyarətə gedəcəyinə, ədalətli Zəfər qazanan xalqımıza ehtiram göstərəcəyinə gec də olsa inanırıq”.

Reyting.az
xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisdə çıxışı zamanı deyib.

Komitə sədri əlavə edib ki, qələbəmizin beynəlxalq legitimliyinə şübhə etmədiyimiz üçün onu kimin tanıyıb-tanımamasına deyil, bir milyon insanın tarixi irsinin necə silindiyini hər kəsin öz gözləri ilə görməsinə çalışırıq: “Düz iki əsr əvvəl Aleksandr Düma təbiətinə və tarixi abidələrinə vurğunluğunu dilə gətirdiyi Azərbaycan torpaqlarının indiki vəziyyətinə qəlbən acıyar, tərəddüd etmədən öz dövlət adamlarını həqiqəti dilə gətirməyə çağırardı. İkinci Dünya müharibəsində faşizmə qarşı qəhrəman azərbaycanlılarla birgə vuruşan və onların timsalında millətimizə daim ehtiram göstərən Şarl de Qoll da sağ olsaydı, xələflərinin əksinə hərəkət edərdi. Axı Ağdamın, Cəbrayılın, Füzulinin və digər şəhərlərin dağılmış mənzərəsi 1941-ci ilin Parisi ilə heç cür müqayisə oluna bilməz! Ona görə ki, 3-cü Reyx Avropanın mədəniyyət paytaxtı olan Parisi Yer üzündən silməmişdi. Bir sözlə, Köçaryana, Sarkisyana və silahdaşlarına faşist demək, nasional sosialistlərə həqarətdir. Bəli, Vətən müharibəsində Fransa xalqının rəğbəti bizim tərəfdə olsa da, hökumət, parlament və yerli hakimiyyət təmsilçiləri, eləcə də prezident Makron Ermənistanla vahid səngərdə oldular. Son altı ayda Fransa rəsmiləri öz mövqelərində müəyyən dəyişikliklər etdilər, ərazilərin minalardan təmizlənməsinə humanitar dəstəklə dövlətimizlə münasibətlərin bərpasına çalışdılar. Lakin Lüksemburqu, Avropa parlamentinin 33-dək üzvünü və dağıdıcı mühacirət qrupunu əleyhimizə təşkilatlandırdılar, onları siyasi və informativ tezislərlə təchiz etdilər, İrəvana intensiv səfərlərlə məğlubiyyətdən sarsılan xalqı və hakimiyyəti ölkəmizə qarşı səfərbərliyə çalışdılar. Ona görə də çoxlarını bir sual düşündürür - həqiqətənmi fransız ordusu gəlib Rusiya və Türkiyə ilə çiyin-çiyinə Ağdamda sülhün keşiyini çəkmək istəyir? 25 minlik erməni əhaliyə xüsusi status istəmək Yeliseyin nəyinə gərəkdir? Məgər dünyada statussuz erməni yaşamır? Sualların cavabı hamıya aydındır. Xankəndində yaşayan sadə erməniyə yox, Parisə gedən siyasi avantüristlərə, Aqambekyanın davamçılarına, bir də Qərb dövlətlərinin özünə status lazımdır. Çünki bizim regionda “hökmranlıq status”u qazanmaq Qafqazda sülhə ən böyük təhlükədir. Ona görə də Ermənistan və Azərbaycan arasında böyük sülh müqaviləsi imzalansaydı, biz əsl düşmənlərimizi görərdik”.




Bölməyə aid digər xəbərlər