Ermənilərin sərhəd saxtakarlığına son qoyulacaq
Tarix: 29-11-2021 16:53 | Bölmə: Slayd
Ermənilərin sərhəd saxtakarlığına son qoyulacaq

“Rusiyanın dövlət başçısı Putinin təşəbbüsü ilə noyabrın 26-da Soçi şəhərində Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin üçtərəfli görüşü bir sıra məsələlərə son dəfə qəti aydınlıq gətirdi. Əvvəla bu görüşün dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün keçirilməsinə dair razılıq əldə edildikdən sonra baş tutması bir daha göstərdi ki, Rusiya Azərbaycanın Ermənistan üzərində qəti qələbəsindən sonra regionumuzda yaranmış reallığın üçtərəfli - Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il sazişindən kənar təftişinə imkan vermək niyyətində deyil”.

Bu sözləri Reyting.az-a Təkamül Partiyasının sədri, iqtisadçı alim Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, İlham Əliyevlə ikitərəfli görüşdə Vladimir Putinin “Sülhməramlılarımız Qarabağda müsbət rol oynayır, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəal işləyir”,- ifadəsini işlətməsi Türkiyənin regionda nüfuzunun artmasının Rusiya tərəfindən qəbul edildiyi və nəzərə alındığı Türkiyənin bədxahlarına, ilk növbədə Ermənistan və Fransanın nəzərinə çatdırılıb.

T. Qənioğlu qeyd edib ki, hər üç ölkə lideri tərəfindən imzalanan Bəyanatda “Qarabağ” ifadəsi yer almayıb, bununla da Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğu, mövcud olmadığı, bədnam Minsk qrupunun reanimasiya cəhdlərinin baş tutmayacağı bir daha ermənilərin və onların havadarlarının diqqətinə çatdırılıb: “Digər tərəfdən, Bəyanatda Azərbaycan-Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılığın öz əksini tapması ermənilərin sərhəd saxtakarlıqlarına son qoyacağını göstərir”.

Partiya sədrinin fikrincə, görüşdən sonra keçirilən mətbuat konfransında V. Putinin dəfələrlə "dəhliz" ifadəsini səsləndirməsi Azərbaycanın Ermənistandan keçməklə Naxçıvana və Türkiyəyə çıxış əldə etməsini nəzərdə tutan Zəngəzur dəhlizinin açılmasının Rusiya tərəfindən dəstəkləndiyini bir daha nümayiş etdirir: "Soçidə keçirilən üçtərəfli görüşdə həm də Paşinyanı başa saldılar ki, Ermənistanın 10 noyabr 2020-ci ildə və 11 yanvar 2021-ci ildə imzalanan sənədləri icra etməkdən başqa yolu yoxdur. Beləliklə, noyabrın 26-da Soçi şəhərində Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin üçtərəfli görüşünün nəticələrini Azərbaycanımızın növbəti diplomatik uğuru kimi qiymətləndirmək olar! Hər şeydən göründüyü kimi, Azərbaycan öz süveren hüquqlarından geri çəkilmək niyyətində deyil, Vətən müharibəsində - hərb meydanında - əldə etdiyi möhtəşəm qələbəni siyasi-diplomatik sahədə də davam etdirir və onu uğurlu sonluğa çatdırmaq niyyətindədir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}