13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Xələf Xələfov: “Azərbaycan delimitasiya və demarkasiya prosesinə hazırdır”
Tarix: 11-12-2021 00:26 | Bölmə: Slayd
Xələf Xələfov: “Azərbaycan delimitasiya və demarkasiya prosesinə hazırdır”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü təşəbbüsə əsasən “3+3” regional məsləhətləşmələr mexanizminin Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin müavinləri səviyyəsində təsis iclası keçirilib.

Reyting.az
xəbər verir ki, 10 dekabr 2021-ci ildə Moskva şəhərində keçirilən tədbirlə bağlı jurnalistlərin suallarını cavablandıran Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilib. X. Xələfov bildirib ki, həyata keçirilən müzakirələrin nəticələri barədə Gürcüstan tərəfi də məlumatlandırılacaq.

X. Xələfovun sözlərinə görə, iclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparılıb.

Nazir müavini qeyd edib ki, mexanizm çərçivəsində nazir müavinləri səviyyəsində görüşlər və müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulur: “Görüşlər və müzakirələr Xarici İşlər nazirliklərinin əlaqələndirməsi və yönəltməsi çərçivəsində iqtisadiyyat və nəqliyyat nazirliklərinin, ehtiyac yarandıqda isə digər sahəvi qurumların iştirakı ilə keçiriləcək”.

Bildirilir ki, məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər. Mexanizmin fəaliyyəti konsensus prinsipi əsasında aparılacaq.

Nazir müavini Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsinin də daim gündəlikdə olduğunu qeyd edib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 26 noyabr bəyanatında da öz əksini tapıb: "Burada göstərilib ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və sonradan demarkasiyası üçün milli komissiyalar yaradılsın. Rusiya tərəfi bu komissiyaların yaradılmasında məsləhətçi kimi tərəflərin sorğusu əsasında töhfə verə bilər. Təbii ki, bu istiqamətdə müəyyən işlər görülməlidir. Milli komissiyaların yaradılması məsələsi gündəlikdədir və bunun üçün gərək Ermənistan tərəfi iradə göstərsin. Biz delimitasiya və demarkasiya prosesinin başlanmasına hazırıq. Düşünürəm ki, siyasi iradə mövcud olduğu təqdirdə bu komissiyalar yaradıla bilər və sərhədlərin delimitasiya prosesinə başlanıla bilər”.




Bölməyə aid digər xəbərlər