13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Professor: “3+3” formatında açar ölkə Azərbaycandır”
Tarix: 11-12-2021 16:02 | Bölmə: Slayd
Professor: “3+3” formatında açar ölkə Azərbaycandır”

“Düşünürəm ki, “3+3” formatı Azərbaycan və Ermənistan arasında müharibədən sonrakı status-kvonun sülh sazişinə çevrilməsi, sərhədlərin delimitasiyası prosesinə töhvələr verilməsi, habelə kommunikasiyaların açılmasında rol oynayacaq. Moskva görşündə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Ermənistanı sərhədləri müəyyənləşdirməyə dəvət etdi. Xələfovun mətbuata verdiyi açıqlamadan aydın olur ki, bu platforma tam formalaşmayıb, xüsusilə, Gürcüstan bu platformaya gəlməkdən ehtiyat edir. Bu format daha çox bölgədə iqtisadi əməkdaşlıq, region xalqları arasında münasibətlərin yaradılmasını yerinə yetirməli olan məsələdir. Yəni bu format çərçivəsində regional əməkdaşlıq inkişaf etdirilməlidir”.

Bunu Reyting.az-a politoloq Qabil Hüseynli “3+3” formatında Moskvada keçirilən görüşü şərh edərkən deyib.

Professor bildirib ki, yeni format gələcəkdə Azərbaycanla Ermənistan arasında məsələlərə də müdaxilə edə bilər: “Əgər orada Azərbaycan və Türkiyə varsa, gələcəkdə bəzi məsələlər qaldırıla bilər. Əslində Türkiyə Ermənistanla əlaqələrin yaradılmasında maraqlıdır və bunu elan edib. Amma Türkiyə həm də elan edir ki, Ermənistanla Azərbaycan arasında məsələlərin toplusu həll edilmədən Ermənistanla-Türkiyə arasında məsələlər həll edilə bilməz. Başqa sözlə, Türkiyə Cənubi Qafqaza gəlib və bilir ki, Azərbaycanın problemi bütövlükdə Türk dünyasının problemidir. Bunlar həll edilmədən Ermənistan-Türkiyə əlaqələri qurula bilməz. Odur ki, bu formatda da açar ölkə Azərbaycandır. Güman edirəm ki, ermənilər Azərbaycanla dil tapmasa, bu format daxilində problemlərini həll edə bilməzlər. Odur ki, Ermənistan bu məsələləri dəqiq ölçüb-biçməlidir. Onsuz da Türkiyə Ermənistanla əlaqələrinin yaranmasında problem görmür. Bunun üçün Ermənistan müsbət addımlar atmalıdır”.

Q. Hüseynli qeyd edib ki, artıq İran da bu platformada iştirak edir və bu, müsbət haldır: “Hesab edirəm ki, təşkilat daxilində müəyyən çəkincənliklə İranı da öz tərəfimizə çəkə bilərik. Başqa sözlə, güman edirəm ki, İran bu məsələlərdə bizimlə həmrəy ola bilər”.

Gürcüstanın “3+3”-də iştirakına gəldikdə, professor bildirib ki, hazırda Gürcüstan cəmiyyəti parçalanmış vəziyyətdədir və bu formata münasibətdə ikili mövqe var: “Birinci mövqeyin tərəfdarları platformanın ilkin toplantısına qatılmağın tərəfdarı idi. Başqa mövqedə olanlar isə bunu istəmir və iddia edirlər ki, onların torpaqlarını işğal edən ölkə ilə bir masa arxasında əyləşə bilməzlər. Amma Gürcüstanın mövqeyində qoşulmaq meylinin tərəfdarları ağırlıq təşkil edir. Məncə, ABŞ və Fransanın Tiflisə təzyiqi nəticəsində Gürcüstan bu formatdan kənarda qaldı. Amma formatın gələcək fəaliyyəti zamanı Gürcüstan da bu prosesə qatılacaq”.




Bölməyə aid digər xəbərlər