13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
AZAL-ın əsassız qiymət artımı Azərbaycanın büdcəsinə milyon manatlarla ziyan vurur
Tarix: 14-12-2021 16:11 | Bölmə: Slayd
AZAL-ın əsassız qiymət artımı Azərbaycanın büdcəsinə milyon manatlarla ziyan vurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olmuş “Turizm haqqında” qanun layihəsi deputatların müzakirənizə təqdim olunub.

Reyting.az
-ın xəbərinə görə, qanun layihəsini Milli Məclisə təqdim edən komitə sədri Musa Quliyev deyib ki, turizm iqtisadiyyatın sürətlə inkişaf edən bir sektoru olmaqla, sosial-iqtisadi inkişafın əsas təkanverici qüvvəsi kimi dünyanın bir çox ölkələrinin milli iqtisadi prioriteti hesab edilir.

M. Quliyev bildirib ki, turizmin sosial-iqtisadi həyata təsiri bir neçə istiqamətdə özünü göstərir:

“Birincisi, hava nəqliyyatı, mehmanxanalar, avtomobil kirayəsi ilə məşğul olan şirkətlər kimi turizm altsektorlarının ÜDM-ə birbaşa təsirindən əlavə, xidmət, tikinti, istehsal və s. sektorların da dolayı təsiri turizmin əhəmiyyətini daha da artırmaqdadır.

İkinci istiqamət turizm sektorunun inkişafının məşğulluğa və regionların sosial-iqtisadi inkişafına təsiridir. Belə ki, bu sektorda istənilən inkişaf yalnız şəhərlərdə deyil, eyni zamanda, ekoturizm, kənd turizmi, çimərlik və dini turizm kimi çoxsaylı turizm növlərinin inkişafı vasitəsilə regionlarda və kənd yerlərində də məşğulluq imkanlarının yaradılmasına və infrastrukturun inkişafına təkan verir.

Üçüncüsü, uğurlu turizm strategiyası ölkənin imicinin beynəlxalq miqyasda yaxşılaşdırılmasına kömək etdiyindən turizm həm də ölkələr üçün marketinq aləti rolunu oynayır. Eyni zamanda, turizm sektoru ekoloji dayanıqlılıq, mədəni irs, yerli dəyərlərin mühafizəsi və inkişafı istiqamətində göstərilən səyləri də dəstəkləyir”.

M. Quliyev əlavə edib ki, son illərin statistik göstəricilərinə görə, koronavirus pandemiyası başlayana qədər turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olub: “Ölkəmizdə indiyədək turizm sektoruna 2 milyard dollardan artıq investisiya qoyulub. Ötən dövr ərzində turizm sahəsində biznes mühitinin yaxşılaşdırılması yönündə təsirli tədbirlər görülüb. Belə ki, səyahət agentlikləri, tur operator və mehmanxana fəaliyyətləri üzrə lisenziya tələbi ləğv edilib, mikro-sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, məcburi dövlət sosial sığorta haqqı üzrə sahibkarların fiskal öhdəliyinin azaldılması, özəl sektorda əməkhaqqı gəlirlərinin 8 min manatadək olan hissəsinə gəlir verigisinin tətbiqinin dayandırılması kimi tədbirlər nəticəsində turizm sektorunda biznes mühitinin əhəmiyyətli səviyyədə yaxşılaşmasına nail olunub”.

Deputat diqqətə çatdırıb ki, turizm potensialının səmərəli istifadəsi istiqamətində atılan addımlar nəticəsində 2011-ci illə müqayisədə 2019-cu ildə turizm məqsədi ilə Azərbaycana səfər edən xaricilərin sayı 83.3 faiz artaraq 2 milyon 863 min nəfərə çatıb: “2016-cı ildən etibarən turizm xidmətləri üzrə müsbət saldo qeydə alınıb.

Dünya İqtisadi Forumu (WEF) tərəfindən 140 ölkə üzrə hazırlanan “Səyahət və turizmin rəqabətliliyi hesabatı”nda 2015-2019-cu illərin nəticələrinə görə, Azərbaycanın mövqeyi 13 pillə irəlilələyərək 71-ci yerə uyğun görülüb”.

M. Quliyev turizm sektorunun davamlı inkişafı, tələb və təklifin formalaşması, habelə, institutsional və strateji idarəetmə ilə bağlı bəzi problemləri də qeyd edib:

“Son illərdə aparılan islahatlara baxmayaraq, hələ də mühafizəkar viza rejimi ölkədə turizmin inkişafı və regional rəqabət qabiliyyətliliyin artırılması istiqamətində maneə olaraq qalmaqdadır.

Məlumat üçün qeyd edək ki, Azərbaycana yalnız 10 ölkədən xarici vətəndaş vizasız gələ bildiyi halda, Gürcüstana 100-ə yaxın, Özbəkstana 80-dən çox, Qazaxıstana 70-dən çox, Türliyəyə isə 90-dan çox ölkədən əcnəbilər vizasız gələ bilərlər.

İkincisi isə hava nəqliyyatı ilə sərnişin daşımanın turizm aspektindən qeyri-səmərəli təşkili və zəif rəqabətliliyidir”.

Deputat əlavə edib ki, aparılmış təhlillər Azərbaycanda hava nəqliyyatı xərclərinin rəqib bazarlara nisbətən yüksək olduğunu göstərir: “Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının hesablamalarına görə, səfər xərclərinin 1 faiz artması səfər edən turistlərin sayının 2.4 faiz azalmasına səbəb ola bilir.

Sərfəli olmayan bazar şərtləri aşağı büdcəli hava yolu şirkətlərinin cəlb olunmasına, uçuş istiqamətlərinin şaxələndirilməsinə və uçuş reyslərinin sayının artmasına maneə yaradır. Eyni zamanda, Azərbaycanda beynəlxalq statuslu regional hava limanları mövcud olsa da, birbaşa hava əlaqələrinin qurulmasında onlardan səmərəli istifadə edilmir.

Üçüncüsü, quru sərhəd-keçid infrastrukturunun turist səfərləri üçün əlverişli olmamasıdır. Azərbaycana səfər edən xarici vətəndaşların yarıdan çoxu quru yolundan istifadə edir. Turist məmnunluğunun yaxşılaşdırılması, qonşu ölkələrdən gələn turist sayının artırılması məqsədilə quru sərhəd-keçid məntəqələrində viza verilməsi işinin təşkilinə, gözləmə rejiminin azaldılmasına, infrastrukturun təkmilləşdirilməsinə, keçid prosedurlarının optimallaşdırılmasına, habelə əlavə resursların cəlb olunmasına ehtiyac vardır”.

Komitə sədri bildirib ki, hazırda qüvvədə olan “Turizm haqqında” Qanun 1999-cu ildə qəbul olunub və turizm sənayesinin sürətli inkişafına, yeni çağırışlara, o cümlədən mövcud problemlərin həlli üçün hüquqi təminatların yaranmasına cavab vermir: “Bu məqsədlə, ölkəmizdə turizmin dayanıqlı inkişafını təmin edəcək turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını müəyyən edən “Turizm haqqında” qanun layihəsi hazırlanıb. Layihə 5 fəsil və 22 maddədən ibarətdir”.

Deputat Aqil Abbas deyib ki, hazırda İrəvan-İstanbul təyyarə reysi açılır və qiymət təxminən 80 manatdır: “Mən də gözləyirəm ki, Zəngəzur dəhlizi açılsın, avtomobillimlə gedim və oradan da İstanbula keçim. Dövlət də AZALA subsidiya verir. Ucuz şirkətlər gəlir və 1-2 aydan sonra qaçıb gedirlər. Bizim deputatların da sözü qalır havada. AZAL-da qiymətləri qaldıra-qaldıra gedir. Heç bir futbol komandasını da saxlaya bilmədilər”.

Deputat Qənirə Paşayevə isə diqqətə çatdırıb ki, qanun layihəsi yaxşı hazrlanıb, amma turizmdə hava nəqliyyat xərcləri mühümdür: “Qardaş Türkiyə ilə uçuşlar necədir? Ölkəmizə ən çox turist Türkiyədən gələ bilər. Bizimlə Türkiyə arasındakı məsafədən daha uzun məsafəyə Türkiyədən biletlər daha ucuzdur. Hesab edirəm ki, bunlar vacib məqamlardır. Bu məsələnin Türkiyə ilə bir əlaqəsi də yoxdur. Daha çox bizim hava nəqliyyatına məsul qurumları ilə əlaqəlidir. Bu məsələlərə baxılmalıdır”.

Deputat Fazil Mustafa isə əlavə edib ki, turizm sahəsində problemləri həll etməsək, “Turizm haqqında” qanun işləməyəcək:

“Hava yolu qiymətləri bahadır və bu sahədə Gürcüstanla rəqabətdə uduzuruq. Bu halda turizmlə bağlı da rəqabət apara bilməyəcəyik”.

F. Mustafanın ciddi problemlərdən biri kimi turistlərin aldadılması məsələsini də önə çəkib və deyib ki, bunu edənlərin cəzalandırılması qanunla nəzərdə tutulmalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər