13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Avropa İttifaqı Azərbaycan və Ermənistan sərhədlərinin müəyyənləşməsini istəyir
Tarix: 15-12-2021 14:09 | Bölmə: Slayd
Avropa İttifaqı Azərbaycan və Ermənistan sərhədlərinin müəyyənləşməsini istəyir

“Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında demarkasiya və delimitasiya işlərinin aparılmasını dəstəkləməsi, bunu önə çəkməsi və hətta məsləhətçi qrup formasında dəstəyini ifadə etməsi müsbət hadisədir”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyanın görüşündən sonra yayılan bəyanatı şərh edərkən deyib.

E. Məmmədov xatırladıb ki, 2020-cu ilin 10 noyabr razılaşmasından sonra baş nazirlərin müavinləri səviyyəsində bu işlərlə məşğul olmaq üçün komissiya yaradılıb: “Eyni zamanda 11 yanvar 2021-ci ildə Moskvadakı görüş zamanı da bu komissiyanın işinin davam etdirilməsi vacib sayılıb. Həmçinin, bu ilin 26 noyabrında Soçidə baş tutan Əliyev-Putin-Paşinyan görüşü zamanı da sərhədlərin müəyyən edilməsi gündəmdə olub”.

Deputatın fikrincə, indi Avropa İttifaqı da o fikrdədir ki, hər iki tərəfdən komissiya yaradılsın və bu işlə ciddi məşğul olsunlar: “Çünki bu vacib məsələdir və öz həllini tapmalıdır. Həm də ona görə ki, bu məsələ öz həllini tapmasa sülh müqaviləsinin imzalanması mümkün deyil. Öncə sərhədlər dəqiqləşdirilməlidir, bundan sonra digər məsələlərə keçilməlidir”.

E. Məmmədovun sözlərinə görə, Azərbaycan prezidentinin apardığı siyasətin uğurudur ki, Avropa İttifaqı minatəmizləmə işlərinə maddi-texniki dəstək verməyi də ifadə edib: “Təbii ki, minalanmış ərazilər Azərbaycana aiddir. Bura minaları kim basdırıb? Ermənistan. Azərbaycan Ermənistan ərazilərinə mina basdırıbmı? Yox. Deməli, bu, Avropa İttifaqının Azərbaycana müsbət münasibətinin ifadəsidir”.




Bölməyə aid digər xəbərlər