13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Deputat: “Qərb dünyası Ukraynanı böyük zərbə altında qoyub”
Tarix: 25-12-2021 18:36 | Bölmə: Slayd
Deputat: “Qərb dünyası Ukraynanı böyük zərbə altında qoyub”

“NATO Ukraynanı yalnız öz ictimaiyyətinə, imicinə görə müdafiə etməyə üstünlük verir. Xüsusilə, Qərb dünyası Ukraynanı böyük zərbə altında qoyub. Zamanında Ukrayna nüvə dövləti ola bilərdi. Nüvə dövləti olmaqdan imtina etməsinin qarşılığı olaraq Ukraynaya təhlükəsizlik zəmanəti verilib. Qərb isə bu zəmanətlə bağlı öhdəliyini yerinə yetirməyib. Krım məsələsi bunu göstərir. İndi Qərbin addımları bir növ daldan atılan daşa bənzəyir”.

Bu fikirləri Reyting.az-a Ukrayna problemini şərh edən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F. Mustafanın fikrincə, indiki vəziyyətdə Rusiyanın sərt addım və davranışlarına Qərbin cavab vermək niyyəti yoxdur: “Sadəcə, Ukraynanı hansısa prosesə cəlb etməklə onun özünü təhlükəyə soxmağa çalışırlar. Ukrayna da neçə illərdir ki, Qərbdən ciddi dəstəyin gəlmədiyini görür. Silah, müəyyən yardım ediblər. Amma söhbət Rusiyaya qarşı münasibətdə effektli dəstəkdən gedir. Ukrayna belə dəstəyə malik deyil”.

F. Mustafa ehtimal edir ki, Qərb ilk növbədə Rusiya ilə hansısa qarşıdurmaya getməyəcək. Ona görə ki, sahədə dəstək imkanı yoxdur: “Ukrayna da çalışacaq ki, Rusiyanın tələblərini müəyyən mənada yerinə yetirsin. Çünki Rusiya daha konkret və birxəttli kurs götürüb. Üstəlik, Donbas və Luqanska nəzarət edir. Həmçinin Krımı da ələ keçirib. İstisna deyil ki, Krımı ələ keçirdiyi kimi, digər ərazilərə də hücum etsin. Amma Qərbin bu məsələdə qətiyyətli davranacağını düşünmürəm. Bunun üçün imkanları da yoxdur. Elə Avropa Birliyində də Rusiyaya fərqli baxışlar var. Bu baxışlar imkan verməyəcək ki, hansısa üzv ölkə fədakarlıq etsin. Fədakarlıq edəcək ölkə ABŞ-dır, amma o da uzaqdadır. Odur ki, ziddiyyətlər çoxdur. Məncə, Rusiya müəyyən şərtlər qoyursa, Qərbin bundan yayınması çətin olacaq”.

Deputat sonda bildirib ki, Ukraynanın nüvə dövləti olmaqdan imtina etməsinin qarşılığı olaraq Qərb ölkələri vaxtında üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməli idi. Amma bunun əvəzinə Krım, daha sonra Luqanski və Donbas işğal edilib.




Bölməyə aid digər xəbərlər