13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiyaya yeni təhlükə yaranır
Tarix: 03-01-2022 16:53 | Bölmə: Slayd
Rusiyaya yeni təhlükə yaranır

Ukrayna ilə sərhədə 100 minlik ordu toplamaqla böhranı qızışdıran və NATO-dan istədiyi təhlükəsizlik zəmanətinə təcili cavab gözləyən Rusiya yeni problemlə üzləşir.

Reyting.az
-ın məlumatına görə, Finlandiyanın gənc Baş naziri Sanna Marin yeni il mesajında deyib ki, ölkəsi, qonşusu Rusiyanı qəzəbləndirmək bahasına olsa da, Şimali Atlantika Alyansına (NATO) üzv olmağa razılaşa bilər.

“NATO üzvlüyünü qəbul etmək imkanımız davam edir”, - ifadəsini işlədən Marin qeyd edib ki, Finlandiyanın bu fürsəti seçmək azadlığı olmalıdır. Hər bir ölkənin öz təhlükəsizlik siyasətini seçmək hüququna malik olduğunu bildirən Baş nazir Helsinki administrasiyasının Avropa ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı intensivləşdirməyə davam edəcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, Finlandiya prezidenti Sauli Niinisto da keçən ay NATO-ya üzvlük məsələsinin müzakirə edildiyini bildirmişdi.

Qeyd edək ki, Rusiya ilə 1340 kilometr sərhəddi olan Finlandiyanın artıq beynəlxalq alyansla xüsusi tərəfdaşlıq əlaqələri var. Lakin Moskva ilə münasibətlər 2014-cü ildə Ukraynanın Krımı ilhaq etməsindən sonra güclü qonşularının ambissiyalarından narahat olan Baltikyanı dövlətlərlə müqayisədə çox fərqlidir.

Araşdırmaçı Kevin Ponniah Finlandiyanın 1939 və 1944-cü illərdə iki dəfə Sovet İttifaqı ilə müharibəyə başladığını və ərazilərini itirdiyini xatırladır:

“Soyuq müharibə dövründə Qərbi Almaniya alimləri Finlandiyanın siyasətinə kinli məna kəsb edən “Finlandiyalaşdırma” ifadəsini işlədirdilər. Bu dövrdə Finlandiya öz siyasətini əsasən Sovet İttifaqının maraqlarına uyğun müəyyənləşdirdi, lakin rəsmi olaraq neytrallığını və Qərblə yaxşı münasibətlərini də qoruyurdu. Bu, çətin iş idi, lakin bunun sayəsində Finlandiya öz müstəqilliyini və ayrı-ayrı siyasi institutlarını qoruyub saxlaya bildi”.

“Finlandiyalaşma” hələ də böyük və güclü qonşularına öz siyasətlərini diktə etməyə imkan verən kiçik ölkələr üçün siyasi termindir. Lakin terminin mənşəyi olan Finlandiya artıq bu siyasətə əməl etmir. Siyasi şərhçilərin fikrincə, Finlandiya Rusiya ilə “dostluq münasibətlərini” saxlayır, lakin öz mövqeyinə uyğun realist xətti izləyir.

Onu da qeyd edək ki, Helsinki administrasiyası 1995-ci ildən Avropa İttifaqının üzvüdür. Finlandiyanın müstəqilliyi ilə bağlı araşdırma aparan Suvi Turtiainenin sözlərinə görə, Avropa Birliyinə üzvlüklə Finlandiya açıq şəkildə Qərbdəki yerini tutub.

Turtiainen hesab edir ki, Finlandiyanı Rusiya ilə Qərb arasında bir yerə qoyan təsəvvür artıq düzgün deyil: “Krımın ilhaqından sonra Finlandiya Rusiyaya qarşı bütün sanksiyaları dəstəkləyib - hətta bu sanksiyalar Finlandiya iqtisadiyyatına ciddi təsir göstərsə də”.

Diqqətə çatdıraq ki, Finlandiya 1990-cı illərdən NATO ilə sıx əməkdaşlıq edir. O, Balkanlara və Əfqanıstana qoşun yeridib və rəsmi üzvlük olmadan mümkün qədər ittifaqa yaxınlaşıb.

Jurnalist Turtiainenin fikrincə, Finlandiya liderləri və hazırkı dövlət başçısı ən çətin anlarda belə Rusiya ilə dialoqu saxlamağa çalışır.

Onun sözlərinə görə, Fin xalqı hesab edir ki, geosiyasi prosesləri bir yana qoyaraq, münasibətlərdə balansı saxlamaq yaxşıdır: “Bir neçə il əvvəl keçirilən sorğu nəticəsində məlum olub ki, Finlərin 21 faizi NATO üzvlüyünü dəstəkləyir, 51 faizi isə alyansa qoşulmağa qarşıdır. 18 faiz suala cavab verməyib.

Rusiya ötən illərdə Finlandiyanın NATO-ya daxil olmasına kəskin reaksiya verəcəyini açıq şəkildə bildirmişdi. Vladimir Putin, 2016-cı ilin iyul ayında Finlandiyaya səfəri zamanı “Finlandiya NATO-ya üzv olarsa, reaksiyanız necə olardı?” sualına cavabında bildirmişdi ki, öz ölkələrinin təhlükəsizliyini və müstəqilliyini necə təmin edəcəkləri finlərin işidir. Biz, əlbəttə ki, Finlandiyanın neytral statusundan razıyıq”.

Onu da diqqətə çatdıraq ki, ABŞ-NATO-Rusiya danışıqları bir neçə gün sonra baş tutacaq. Rusiya lideri Putin Vaşinqtondan alyansı Şərqə doğru genişləndirməmək də daxil olmaqla, bir sıra zəmanətlər istəyir. Çox güman ki, belə bir ərəfədə Rusiya ilə 1340 kilometrlik sərhədi olan Finlandiyanın NATO-ya üzvlük mesajı Kremldə ciddi narahatlıq yaradacaq.




Bölməyə aid digər xəbərlər