SSRİ-nin bərpası üçün Rusiya qarşısında maneə qalmadı - Politoloq
Tarix: 06-01-2022 18:56 | Bölmə: Slayd
SSRİ-nin bərpası üçün Rusiya qarşısında maneə qalmadı

“Qazaxıstanda baş verənlər həm də Türkdilli Dövlətlər Təşkilatına qarşı düşünülmüş prosesdir. Neçə müddətdir ki, Rusiya susurdu. Prosesi Rusiya həyata keçirdi. Noyabrın 12-dən sonra Rusiya kanalları bu prosesə başlamışdı. Cəmi iki ay gözləyə bildilər. Bu proses türk dövlətləri arasında əlaqələri də zəiflədəcək. Buna şübhə yoxdur”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev Qazaxıstanda baş verənləri şərh edərkən deyib.

C. Nuriyev xatırladıb ki, Qazaxıstana Rusiya ordusu ilə yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ordusu da daxil olub: “Bu, çox təhlükəlidir. Digər tərəfdən, bunların arasında olan Qırğızıstan Türkdilli Dövlətlər Təşkilatında təmsil olunur. Qənaətimcə, indi Qazaxıstanda fövqəladə vəziyyət adı ilə Tokayevi uzun müddət hakimiyyətdə saxlamağa çalışacaqlar”.

C. Nuriyev əlavə edib ki, bu addımlar həm də bir mesajdır: “Yəni digər ölkələr Qazaxıstana ordu göndərib, amma ruslar desant yerləşdirib. Artıq rus ordusu Qazaxıstanın ərazisində oturdu”.

Politoloqun iddiasına görə, Rusiya ordusunun Qazaxıstana daxil olması, həm də o deməkdir ki, Qırğızıstan da istənilən an qarışa bilər.

C. Nuriyev diqqətə çatdırıb ki, Qazaxıstana ordunun göndəriləcəyini Ermənistan baş naziri Nikol Paşinyanın elan etməsi təsadüfi deyildi: “Əslində, KTMT-nin nizamnaməsinin 4-cü maddəsi ilə rus ordusunun ora girməsi işğaldır. Nə olsun ki, Tokayev KTMT-yə müraciət edib. Həmin nizamnamədə bilavasitə terrordan danışılır. Qazaxıstanda terror yoxdur, camaat küçəyə çıxıb haqqını tələb edir”.

Politoloq qeyd edib ki, burada bir məqsəd odur ki, Turan yaranmasın: “Əslində, Türkdilli Dövlətlər Təşkilatında Türkiyədən sonra ən güclü ölkə Qazaxıstan hesab olunurdu”.

Müsahibimiz bildirib ki, Nursultan Nazarbayev də son oyunların içində olub: “Onu Rusiya təyyarəsi Düşənbəyə apardı. Ara sakitləşdikdən sonra onu yenidən ölkəyə qaytaracaqlar. Qazaxıstanın yarısı Nazarbayev ailəsinin əlindədir. Tokayev hakimiyyəti ələ keçirdi. Nazarbayevə və türk dünyasına xəyanət olundu. Nazarbayevin taleyinin pis olacağını da düşünmürəm. Əslində, SSRİ-nin bərpası üçün Rusiya qarşısında maneə qalmadı. Ən qorxulusu budur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}