Professor: “Nazarbayev baş verənləri tam qəbul etdikdən sonra...”
Tarix: 12-01-2022 17:03 | Bölmə: Slayd
Professor: “Nazarbayev baş verənləri tam qəbul etdikdən sonra...”

“Qazaxıstan prezidenti Tokayev elan edib ki, beynəlxalq terrorçular vəziyyəti qəlizləşdirib. Amma deməyib ki, bunu kimlər edib. Ən vacibi, xüsusi komissiya yaradılıb və onlar bu məsələləri araşdıracaq. Biz bunun nəticələrini gözləməliyik. Bu zaman bir çox həqiqətlər ortaya çıxacaq”.

Bu sözləri Reyting.az-a professor Əli Abbasov Qazaxıstan hadisələrindən danışarkən deyib.

Professorun sözlərinə görə, problem ondadır ki, 8 min şəxs tutulub və cəmi 167 ədəd silah götürüblər: “Üstəlik, qeyd edilir ki, terrorçular morqlara hücum edərək yoldaşlarının cəsədlərini aparıblar. Bütün bunlar maraqlı yanaşmalardır. Amma əsl həqiqət nə zamansa ortaya çıxmalıdır”.

Əli Abbasovun ehtimalına görə, Qazaxıstanın keçmiş lideri Nursultan Nazarbayev o halda çıxış edəcək ki, bu nəticələrlə tam razılaşsın: “Əgər indi ortaya çıxmırsa, deməli, bu hadisələrlə tam razı deyil. Nələrisə qəbul etməsini istəyirlər və bu səbəbdən də çıxış etmir. Bəzən iddia olunur ki, Nazarbayev həyatda yoxdur və ya tamamilə prosesdən kənarlaşdırılıb, nəzarət altındadır. Mən onun ölüb-ölmədiyini deyə bilmərəm. Amma hadisələr göstərir ki, ona çıxış etməyə imkan vermirlər. Niyə imkan vermirlər? Deməli, hər şeyi qəbul etməyə hazır deyil. Hazır olanda onu hansısa formada çıxarıb danışdırmaq mümkün olacaq”.

Ə. Abbasov qeyd edib ki, Qazaxıstan strateji baxımdan elə Rusiya tərəfdə idi: “Nazarbayev tərəfindən onu sıxışdırmaq xətti aparılırdı. Amma bu proses dayandı. Çünki ciddi söhbətlər aparılırdı və buna görə də, Nazarbayevi aradan götürdülər”.

Professor sonda əlavə edib ki, indi rus ordusunun Qazaxıstandan çıxdığını desələr də, bu, bir qədər maraq doğurur: “Hara çıxırlar, necə çıxırlar, bunu tam demək olmaz. Həm də bilmək lazımdır ki, rus ordusu bir neçə gün əvvəl ölkəyə gəlib. Amma ondan əvvəl də Qazaxıstanda rus hərbçiləri var idi. Orada 4-5 baza var. Nüvə stansiyası da daxil olmaqla, belə nöqtələr mövcuddur. Oranı Qazaxıstan Rusiyaya icarəyə vermişdi. Eynən bizim Qəbələ RLS kimi. İndi bu bazaların statusunun necə olacağı da maraqlıdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}