12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya-Ukrayna müharibəsi: Berlin və Parisin oyunu NATO-nun vahid mövqeyini parçalayır
Tarix: 29-03-2022 13:21 | Bölmə: Slayd
Rusiya-Ukrayna müharibəsi: Berlin və Parisin oyunu NATO-nun vahid mövqeyini parçalayır

Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı nəticəsində artan gərginlik NATO daxilində, xüsusən də Rusiya ilə münasibətlərdə ciddi fikir ayrılıqları yaradıb.

Reyting.az
xəbər verir ki, bu gün Türkiyənin İstanbul şəhərində sülh danışıqları çərçivəsində Rusiya və Ukrayna nümayəndələri masa arxasında əyləşərkən, 35 günlük müharibəyə son qoymaq üçün diplomatik səylər NATO daxilində fikir ayrılıqlarına səbəb olub.

ABŞ-ın aparıcı media qrupu “Bloomberg”in xəbərinə görə, müharibəyə dair veriləcək qərarlar və Rusiya ilə Ukrayna arasında mümkün sülh razılaşmasının şərtləri NATO müttəfiqlərini üz-üzə qoyub.

Məlumata görə, NATO-ya üzv ölkələr müharibəni bitirmək üçün imzalanacaq sülh sazişinin hansı şərtlərinin qəbul oluna biləcəyi, xüsusən də Kiyevin tələb etdiyi təhlükəsizlik zəmanətlərinin təmin edilib-edilməməsi ilə bağlı vahid mövqedə deyillər.

NATO daxilində Ukraynaya göndəriləcək yeni silahlar və Rusiyanın enerji sektoruna qarşı sanksiyalarla bağlı da ciddi fikir ayrılıqlarının yarandığı bildirilir.

NATO daxilində aparılan müzakirələrlə tanış olan mənbələrin sözlərinə görə, bəzi NATO liderləri Rusiya prezidenti Vladimir Putinlə danışıqların davam etdirilməsini istəyir, bəziləri isə bunun mənasız olacağını düşünürlər.

Mənbələr ABŞ prezidenti Co Baydenin şənbə günü “Putin hakimiyyətdə qala bilməz”,- bəyanatının NATO daxilində etiraz və tənqidlərə səbəb olduğuna da diqqət çəkiblər.



Baydenin açıqlamasından sonra Fransa prezidenti Emmanuel Makron “sözümüz və hərəkətlərimizlə gərginliyi artırmamalıyıq”,- deyərək diplomatik səylərin davam etdiriliməsinin vacibliyini bildirib. Almaniya kansleri Olaf Şolz da oxşar bəyanatla çıxış edib və keçən həftə Brüsseldə keçirilən NATO sammitində Rusiya ilə uçurumu dərinləşdirməyə xidmət edən addımlara qarşı çıxıb.

Diplomatik səyləri dəstəkləyən İtaliyanın Baş naziri Mario Draqinin isə bu həftə Putinlə telefon danışığı olacağı gözlənilir.

Digər tərəfdən, bəzi NATO üzvləri Fransa və Almaniyanın təşəbbüsü nəticəsində Rusiya ilə davam edən ünsiyyətdən uzaqlaşır. “Bloomberg”in istinad etdiyi sənədlərə görə, bəzi ölkələr Rusiya ilə danışıqların Putinə kömək etdiyini və faydasız olduğunu bildirirlər.

Putinin danışıqlarda ciddi olmadığını düşünən bu ölkələr arasında İngiltərə, Polşa və Macarıstandan başqa Ukraynaya yaxın Mərkəzi Avropa ölkələri də var.

NATO üzvü olan ölkələr arasında Türkiyə tərəfsiz mövqeyi ilə seçilir. Ötən həftə Brüsseldə keçirilən NATO sammitində iştirak edən prezident Rəcəb Tayyib Ərdoğan bir çox lider və rəsmilərlə Rusiya-Ukrayna müharibəsini müzakirə edib.

Müharibə başlayandan bəri vasitəçilik səylərini davam etdirən Türkiyə prezidenti, atəşkəs şərtlərinin müzakirəsi üçün bu gün İstanbulda görüşən Rusiya və Ukrayna nümayəndə heyətlərini də qəbul edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər