12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Sanksiyalar Ermənistana təhlükəni artırıb
Tarix: 30-03-2022 10:57 | Bölmə: Slayd
Sanksiyalar Ermənistana təhlükəni artırıb

“Ukraynadakı müharibəyə görə Rusiyaya tətbiq edilən sanksiyalar, mövcud qeyri-müəyyənlik səbəbindən tədarük zəncirlərinin pozulması, beynəlxalq əmtəə bazarlarında inflyasiya gözləntiləri Ermənistan iqtisadiyyatına ciddi mənfi təsir göstərəcək”.

Reyting.az
xəbər verir ki, bu, Ermənistan Mərkəzi Bankının inflyasiya ilə bağlı hesabatında deyilir.

Qeyd olunur ki, 2022-ci ilin əvvəlində həm qlobal iqtisadiyyatda, həm də Ermənistan iqtisadiyyatında iqtisadi fəallıq sürətlə bərpa olunub və Ermənistanda 12 aylıq inflyasiya gözlənildiyindən daha sürətlə azalıb.

Rusiya-Ukrayna hərbi-siyasi münaqişəsinin gərginləşməsi və Rusiya Federasiyasına tətbiq edilən sanksiyalar həm qlobal, həm də regional iqtisadi inkişaf baxımından görünməmiş qeyri-müəyyənlik yaradıb. Yüksək qeyri-müəyyənlik və çoxtərəfli risklər kontekstində Ermənistan Mərkəzi Bankı vəziyyətin inkişafı üçün bir sıra ssenarilər qurub.

Bu ssenariyə görə, Rusiya-Ukrayna hərbi-siyasi münaqişəsi və Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi səbəbindən bu il iqtisadi artımın əhəmiyyətli dərəcədə yavaşlaması, Rusiyada isə iqtisadi tənəzzül gözlənilir. Eyni zamanda, beynəlxalq əmtəə bazarlarında, o cümlədən enerji bazarlarında böyük qeyri-müəyyənliyin yaratdığı tədarük zəncirlərinin pozulması səbəbindən ayrı-ayrı bazarlarda inflyasiya mühiti xeyli genişlənib, inflyasiya gözləntiləri artıb.

Hesabatda bildirilir ki, xüsusən də Rusiyaya tətbiq edilən sanksiyalar Ermənistan iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək. Bu, əsasən sənayeyə təsir edəcək və pul köçürmələrini azaldacaq. “Digər tərəfdən, beynəlxalq əmtəə bazarlarından idxal olunan bir sıra mallar vasitəsilə daxili qiymətlərə əhəmiyyətli inflyasiya effekti ötürülür ki, bu da öz növbəsində inflyasiya gözləntilərinin və risklərin artması ilə ifadə olunur”, - deyə hesabatda vurğulanır.

Ermənistan Mərkəzi Bankının təqdim etdiyi ssenariyə görə, yuxarıda göstərilən amillər səbəbindən qarşıdakı rüblərdə yüksək inflyasiya mühiti gözlənilir. Belə bir şəraitdə ölkənin suveren risk mükafatının əhəmiyyətli dərəcədə artması və inflyasiya gözləntilərinin yüksəlməsi nəzərə alınaraq, Mərkəzi Bank artıq uçot dərəcəsini nisbətən böyük məbləğdə qaldırıb.

Mərkəzi Bankın qısamüddətli proqnozlarına əsasən, Ermənistanın əsas tərəfdaş ölkəsi olan Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar mənfi təsir göstərdiyi halda, Ermənistanda 2022-ci ildə proqnozlaşdırılan iqtisadi artım göstəricisi əhəmiyyətli dərəcədə azalacaq. Ortamüddətli perspektivdə iqtisadi artım əvvəllər proqnozlaşdırılandan aşağı olacaq. İlin sonuna kimi iqtisadi artım aşağı səviyyədə qalacaq.

2022-ci il üçün yenidən işlənmiş iqtisadi artım proqnozu əsasən sənayedə gözlənilən geriləmə, eləcə də tikinti və xidmət sahələrindəki yavaşlama ilə əlaqədardır.

Eyni zamanda, məcmu tələbə xarici tələbin zəifləməsi və pul köçürmələrinin əhəmiyyətli dərəcədə azalması mənfi təsir göstərəcək.

Ortamüddətli perspektivdə iqtisadi artımın ləngiməsi investisiya mühitinin gözlənilən pisləşməsi ilə əlaqələndiriləcək ki, bu da öz növbəsində məhsuldarlığın daha yavaş bərpasına gətirib çıxaracaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər